EN

Azərbaycan və Mərkəzi Asiya ölkələri investisiya tərəfdaşlığını genişləndirməyi razılaşdırıb

Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiya tərəfdaşlığı mexanizmlərinin işlənib hazırlanması barədə razılığa gəlib.

Bakıvaxtı.az Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, razılaşma bu gün Daşkənddə keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının I iclasında əldə edilib.

Görüşdə Azərbaycanı iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev təmsil edib.

İclasda tərəflər qarşılıqlı ticarətin inkişafına və sənaye inteqrasiyasının gücləndirilməsinə yönəlmiş tədbirlər kompleksini müzakirə ediblər. Regional ticarət dövriyyəsinin ildə 20 milyard ABŞ dollarına çatdırılması üçün praktiki alətlərin işlənib hazırlanmasına, "Made in Central Asia" brendi altında birgə istehsal meydançalarının yaradılmasına, eləcə də beynəlxalq maliyyə qurumlarının və iri investorların birgə sənaye və infrastruktur layihələrində iştirakını təmin etməyə xüsusi diqqət yetirilib.

"Özbəkistanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı ticarəti davamlı artım nümayiş etdirir. Əgər 2017-ci ildə ticarət dövriyyəsi 3,2 milyard ABŞ dolları təşkil edirdisə, 2024-cü ilə qədər iki dəfədən çox artaraq 6,9 milyard dollara çatıb. Xüsusilə Qazaxıstanla illik ticarət dövriyyəsi 4 milyard dollara, Qırğızıstanla təxminən 700 milyon dollara yaxınlaşır, Tacikistanla 570 milyon dolları ötüb, Türkmənistanla isə son beş ildə iki dəfədən çox artaraq 1,15 milyard dollara çatıb. Azərbaycanla ticarət dövriyyəsi də əhəmiyyətli artım nümayiş etdirərək ilin əvvəlindən 13 % artıb", - nazirlikdən bildirilib.

Görüşün sonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, sənaye əməkdaşlığı və birgə istehsalın inkişafı, həmçinin investisiya tərəfdaşlığının yeni mexanizmlərinin yaradılması ilə bağlı əsas razılaşmaları əks etdirən birgə kommünike imzalanıb.

Chosen
28
1
bakivaxti.az

2Sources