EN

Qafqazın ən qədim abidələrindən biri Qum məbədi

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qax, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan ərazisində Qafqaz Albaniyası dövrünə aid xeyli sayda dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri mövcuddur. Belə abidələrdən biri də Qax rayonunun Qum kəndində yerləşən qədim məbəddir. Qum məbədi 15 əsr əvvəl inşa edilmiş Qafqazın ən qədim bazilikalarından biri hesab olunur.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qum kəndi Qax şəhərindən 7 kilometr şimalda, Baş Qafqaz silsiləsinin ətəyində, Qum çayının sol sahilində, dəniz səviyyəsindən 650 metr yüksəklikdə yerləşir. “Arpatala”, “Xıdır axurlar”, “Buduqoba”, “Güllütəpə”, “Doludöyən”, “Çinarlı”, “Sırt qala”, “Ballıqaya”, “Xəzinə qaya” və sair yer adları, toponimlər bu yerlərin ilk sakinlərinin türk mənşəli hun, kimmer, sak, oğuz, qıpçaq, səlcuq tayfaları olduğunu sübut edir.

Qax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi AZƏRTAC-ın bölgə müxbirinə Qum məbədinin (Qum bazilikası da adlanır) tarixi və özəllikləri barədə danışıb. Bildirib ki, inşa tarixi V-VI əsrlərə aid edilən Qum məbədi elmi tərəfdən araşdırılmış ilk məbədlərdən biridir. Abidədə ilk tədqiqat işləri XIX əsrdə rus tarixçisi, etnoqraf alim Aleksandr Xaxanov tərəfindən aparılıb. Alim Qafqaz ekspedisiyasından sonra öz hesabatında Qum məbədi haqqında da məlumat verib. Məbəd əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunub və abidədə bərpa işləri aparılıb.

Tetrakonx (dörd bucaqlı, yarımqövs künclü) formasında tikilmiş məbədin uzunluğu 26,4, eni isə 19,3 metrdir. Uzunsov formalı məbəd 3 tərəfdən eyvanla əhatələnib. Məbədə şərq tərəfdən bitişik kvadrat şəkilli otaqlardan biri qurbangah, digəri isə ruhani otağıdır. Məbədin daxili hissəsi iki cüt T şəkilli sütun və söykənclə 3 nefə (zala) ayrılır. Orta nef yan neflərdən hündür olmaqla, apsida (kilsə divarında yarımdairəvi çıxıntı) ilə tamamlanıb. Apsidanın mehrab üstündəki hissəsi nal şəkillidir və şərqə doğru yönəldilib. Kərpicdən tikilən pilon və söykənclər nalvari talvarı saxlayır.

Məbədin üç qapısı olub. Eyvanlara açılan bu qapıların üstü yarımqövs şəkilli tağlarla bəzədilib. Qum məbədinin tikintisində əsasən yonulmuş çay daşı və kərpicdən istifadə olunub. Daxildəki konstruksiya işləri bişmiş kərpiclə tamamlanıb, damı kirəmitlə örtülüb.

Mahir Əfəndi bildirib ki, Qum məbədi xalqımızın çoxəsrlik tikinti ənənələrinə malik olduğunu bir daha sübut edir. 2007-ci ildə Qum məbədində qrant vəsaiti hesabına konservasiya işləri aparılıb. Məbədin interyerinə daş döşənib, qrunt suların axması üçün drenaj sistemi quraşdırılıb.

Hazırda Qum məbədi tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
77
1
azertag.az

2Sources