EN

Pərvanə Vəliyeva: "Rəhbər vəzifədə olan şəxslər xalqa xidmət etməlidirlər"

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən Azərbaycanın bölgələrində həyata keçirilən infrastruktur islahatlarının uğurları və qarşıdakı vəzifələr haqqında vacib mesajlar verib. Prezident bir neçə mühüm mövzuya toxundu və rəhbər şəxslərdən, xüsusilə yerli icra hakimiyyətlərindən daha yüksək səviyyədə peşəkarlıq, dürüstlük və sosial ədalət prinsiplərinə sadiqlik tələb etdi. Yeni rəhbərlərə böyük etimad göstərilir və bu etimadı doğrultmaq əsas missiya olmalıdır. Rəhbər vəzifədə olan şəxslər ilk növbədə xalqa xidmət etməlidir. Əsas Qanun - Konstitusiyamızda da qeyd olunduğu kimi, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır.

Sosial ədalət prinsipinin əsas prioritetlərdən biri olduğunu qeyd edən Prezident, hər bir bölgədə insanların ədalətli bir mühitdə yaşaması üçün lazımi tədbirlərin görülməsini tələb etdi. O, kadr seçimində etibarlı və peşəkar şəxslərin seçilməsinin vacib olduğunu, həmçinin, dövlətin rəhbərlik etdiyi bölgələrdəki məmurların bu prinsipə uyğun fəaliyyət göstərməli olduqlarını bildirdi.

Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmasının vacibliyini vurğuladı. O, qanunsuz hərəkətlərin cəzasız qalmayacağını və hər hansı bir məmurun qanunsuz əməl səbəbindən qanun qarşısında cavab verəcəyini diqqətə çatdırdı. Rəhbər vəzifədə çalışan hər bir məmur təvazökar olmalı və cəmiyyətin xoş münasibətini, hörmətini qazanmalıdır.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən biri də paytaxt və regionların tarazlı inkişafıdır. Prezident regionların inkişafı məsələsinə də toxundu. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır.

Prezident çıxışında Azərbaycan bölgələrində həyata keçirilən infrastruktur islahatlarının mühüm uğurlarını qeyd etdi. O, elektrik enerjisinin bölgələrdə tamamilə normallaşdığını, magistral yolların müasir standartlara cavab verdiyini və içməli su layihələrinin icra edildiyini vurğuladı. Prezident, kənd yollarının təmiri və yeni sosial obyektlərin tikintisinin davam etdirildiyini, bunların regionların sosial-iqtisadi inkişafında mühüm rol oynadığını bildirdi.

Əldə edilmiş tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına tam inteqrasiyası Azərbaycanın davamlı inkişafına güclü təkan verəcəkdir. Azərbaycanın əldə etdiyi sosial-iqtisadi və siyasi nailiyyətlər, mövcud potensial və imkanlar 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsinə, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşmasına və dövlətin daha da güclənməsinə zəmin yaradır.

Beləliklə, Azərbaycanın regional inkişafının daha da irəliləməsi, yerlərdəki məmurların peşəkarlığının artırılması, sosial ədalətin təmin edilməsi və ölkə iqtisadiyyatının diversifikasiyası məqsədilə ciddi addımların atıldığını göstərir. Dövlətimizin Başçısının təyin etdiyi rəhbərlərdən gözləntiləri aydın və konkretdir: xalqa xidmət etmək. Əsas prinsip hər bir vəzifəli şəxsin xalqın etimadını doğruldaraq onların rəğbətini qazanmasıdır.

Pərvanə Vəliyeva

MM deputatı

Chosen
49
3
moderator.az

5Sources