EN

Azərbaycanlı qızlar futbol haqqında təsəvvürləri necə dəyişirlər? milli komandanın üzvləri ilə söhbətləşib + FOTO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Oğlanlar arasında yeganə qız olmaq - futbolçu Firəngiz Teymurova üçün tanış təcrübədir. 2008-ci ildə o, həyətlərində oğlanlarla top qovan yeganə qız idi. Oğlanlar Firəngizin istedadına heyran qalaraq onu “Ronaldinyo” adlandırırdılar.

Bu gün o, Azərbaycan millisinin və “Neftçi” klubunun futbolçusudur. Amma peşəkar futbola gedən yolun əvvəlində bu, ona əlçatmaz görünürdü. O vaxtlar, elə bu gün də futbol və bəzi digər idman növləri ölkəmizdə “kişilərə aid” sahə kimi qəbul olunur.

Məhz bu səbəbdən onun ailəsində daim mübahisələr yaşanırdı. Anası hesab edirdi ki, futbol qızını dərslərdən yayındırır və qadına yaraşmır.

“Bəzən oyunlardan sonra evə qayıdanda başdan-ayağa palçıq içində, günəş altında top qovmaqdan büsbütün qaralmış vəziyyətdə olurdum. Tənələr, iradlar başlayırdı...” - Firəngiz Teymurova xatirələrini İdman.Biz-ə danışır.

Firəngiz Teymurova

Beləcə, qız iki fərqli həyat yaşamalı olur. Anasına dostları ilə dərs oxumağa getdiyini deyir, amma əslində futbola qaçırdı. İdman ayaqqabılarını dərs kitablarının arasına qoyub məktəb çantasında gizlədirdi, bəzən isə evə gedərkən özünü ələ verməmək üçün onları yol kənarında gizlədirdi. Sirrini qorumaqda isə atasının köməyi dəyirdi. Ağdamlı olan atası “Qarabağ” azarkeşi idi. O artıq həyatda olmasa da, Firəngiz onu sevgi ilə xatırlayır. Birgə stadiona gedər, sevimli komandalarına azarkeşlik edərdilər.

Həyatında dönüş nöqtəsi AFFA tərəfindən təşkil olunan məktəblərarası turnir oldu. Maraqlıdır ki, o zaman da Firəngiz komandasında yeganə qız idi. Evdə yarış barədə danışmadı, çünki qalmaqaldan ehtiyatlanırdı. Lakin komandasının yarımfinala yüksəlməsini atası ilə bölüşdü. Atası təklif etdi: “Finala çıxsanız, anana deyərik”.

Nəhayət doğrudan da, final baş tutdu. Firəngizin sözlərinə görə, evdə bu xəbəri eşidəndə təbriklər yox, narazılıq başladı: “Anam qəti etiraz edirdi, amma atam dedi: “İstəyirsən bizimlə oyuna gəl, biz onsuz da gedəcəyik”. Mən heç vaxt anamla elə danışmağa cəsarət etməzdim, qorxurdum. Futbol barədə bütün müzakirələri atam öz üzərinə götürürdü”.

Nəticədə, ana ürəyi dözmədi, oyuna gəldi. Firəngizin komandası turniri qazandı. Oyundan sonra AFFA-nın baş katibi onların yanına gələrək qızın peşəkar futbola yönləndirilməsini təklif etdi. Bir müddət sonra Firəngiz Azərbaycan U-15 millisinin heyətinə çağırıldı...

Coşqunə Əliyeva

Azərbaycan millisinin və “Neftçi” klubunun digər üzvü Coşqunə Əliyevanın hekayəsi də həyət futbolundan başlayıb - oğlanlar və tozlu toplar arasında. Amma onun ailəsində idmanla bağlı heç bir problem yaşanmayıb.

“Atam çoxdan dünyasını dəyişib, biz bacımla anamızın himayəsində böyüdük. O, hər zaman istəklərimizə hörmətlə yanaşırdı. Əks fikirdə olsa belə, onu razı sala bilirdik. Çox hərəkətli idik, yerimizdə dura bilmirdik. Ona görə də idman bizim üçün çox vacib idi” - Coşqunə İdman.Biz-ə müsahibəsində danışır.

Qız futbol seksiyasına yazılmaq istəyəndə anası onu dəstəklədi. Bir həftə sonra bacısı da ora gəldi. “Birinə icazə verdilərsə, o birinə qadağa qoymaq olmaz - yoxsa evdə qalmaqal çıxar”, - deyə Coşqunə gülür.

Əvvəllər qızlar Azərbaycanda qadınlardan ibarət milli futbol komandasının mövcud olduğunu belə bilmirdilər. Öz doğma Mingəçevir komandasında oynayırdılar, ta ki bəzi qızların Bakıya - gənclər yığmasına göndərildiyini görəndə. “Çox kədərlənirdim. Düşünürdüm: niyə onları görürlər, bizi yox? Oyunlarımız tez-tez İsmayıllıda keçirilirdi. Mən bakılı futbolçulara əlçatmaz bir nümunə kimi baxırdım".

Coşqunə Əliyeva

Bir gün onların bölgə oyunlarından birinə indi qadın millisinin baş məşqçisi olan, o zaman isə U-15 komandasına rəhbərlik edən Siyasət Əsgərov gəldi. “Siyasət müəllim bölgələrə gəlir, qızları seçirdi. Biz bacımla eyni komandada oynayırdıq: o, qapıda dayanırdı, mən hücumda idim. O, bizi fərqləndirdi, anamla danışdı və Bakıya futbol akademiyasına aparmaq üçün razılıq aldı. Beləcə, biz paytaxta gəldik".

Əvvəlcə paytaxtda yaşamaq çətin idi - digər qızlar məşqdən sonra evlərinə dönürdülər, amma onlar akademiyada qalırdılar. “Buna baxmayaraq, bizə digər bölgə qızlarından bir qədər asan idi, çünki bir-birimizə dayaq idik". Sonradan hər iki bacı milli komandaya dəvət aldı. İlk addımlarını çiyin-çiyinə atan bacılar bu gün də birlikdə oynayaraq ölkənin şərəfini qoruyurlar.

Qadın futbolçular vs Stereotiplər - 1:0

Azərbaycanda qadın futbolu hər il inkişaf etsə də, onun ətrafında hələ də bir çox stereotiplər və ön mühakimələr qalmaqdadır. Futbolçular etiraf edirlər ki, karyeraları boyunca “Futbol qadınlar üçün deyil” sözlərini dəfələrlə eşidiblər. Cəmiyyətdə hələ də belə bir fikir mövcuddur ki, qadın futbolçular “incə və zərif” qadın obrazına zidd davranırlar. “Axı siz məni görürsünüz", - deyə Coşqunə gülümsəyir.

“Mənə tez-tez deyirlər ki, model ola bilərdim! Əslində, qadınlar istədikləri kimi görünə bilərlər” - o, əlavə edir.

Onun sözlərinə görə, qadın futbolçular necə olursa-olsun, hamını razı salmaq mümkün deyil: “Əgər makiyajla meydana çıxırıqsa, “oyuna gəlmisiniz, yoxsa poza verməyə?”, - deyirlər. Ya da, “sizin işiniz, ancaq bəzənib şəkil çəkdirməkdir”, - söyləyirlər. Görünüşə fikir verməsək, bu dəfə, “axı siz qadınsınız, özünüzə baxın, kişilərə bənzəyirsiniz”, - deyirlər".

Qızlar əmindirlər ki, qadın futbolu hazırda peşəkar səviyyədədir və makiyaj bu oyunda ən az əhəmiyyət kəsb edən məsələdir. Coşqunə vurğulayır ki, insanın davranışı və görünüşü idmandan çox, başqa amillərdən asılıdır: “Məsələn, mənim futboldan əvvəl də xarakterim güclü, bəzən aqressiv idi. İdman bu enerjini düzgün istiqamətə yönəltməyə kömək etdi. Mənim üçün futbol nə kişi, nə qadın oyunudur, bu, sadəcə mənim idman növümdür”.

Qızlar stereotiplər mövzusunu davam etdirərək daha bir həssas məsələyə toxunurlar - karyera ilə ailə arasında seçim. Hər iki futbolçu qeyd edir ki, öz yolları ilə gedirlər və inanırlar ki, onları hər zaman dəstəkləyəcək insanla qarşılaşacaqlar. “Bizim mentalitetdə elə kişilər var ki, qətiyyən idmançı qadın görmək istəmirlər” - Coşqunə gülür. “Amma düzünü desəm, mən də futbolçu ər istəməzdim. Mənə düzgün görünmür” - deyə, o əlavə edir.

Söhbətə qoşulan Firəngiz əlavə edir: “Təsəvvür edə bilmirəm ki, 13 ildir mübarizə apardığım işdən imtina edib evdar qadın olum. İdman mənim həyatımın bir hissəsidir və heç bir stereotip və ya şərait bunu dəyişə bilməz".

Qadın futbolu var?!

Qadın futbolçularla bağlı belə stereotiplərin formalaşmasında mətbuat mühüm rol oynayır. Böyük Britaniyada aparılan bir araşdırmaya görə, 2012–2013-cü illərdə qadın idmanına aid xəbərlər ümumi idman xəbərlərinin beş faizindən çoxunu təşkil etməyib və bu rəqəm getdikcə azalır. Digər elmi məqalədə isə qeyd olunur ki, qadın futbolu təkcə az işıqlandırılmır, həm də çox vaxt səthi şəkildə təqdim olunur.

Firəngiz Teymurova və Coşqunə Əliyeva bildirirlər ki, Azərbaycanda hələ də bir çox insan ölkədə peşəkar qadın futbolunun mövcudluğundan xəbərsizdir. Bu isə idmana yanlış münasibət yaradır və tamaşaçı marağını azaldır: qadın komandalarının oyunlarına kişilərinkindən qat-qat az izləyici gəlir.

Firəngiz xatırlayır ki, uşaqlığında televiziyada heç vaxt qadın futboluna baxmayıb, halbuki idman kanallarına tez-tez baxırmış. Məşhur qadın futbolçuların olub-olmadığını da bilmirdi, buna görə də kumirlərini kişilərdən seçirdi. Onun sözlərinə görə, vəziyyət indi də çox dəyişməyib - mediada qadın futbolunun işıqlandırılması hələ də zəifdir.

Hazırda hər iki futbolçu üçün nümunə “Barselona”nın oyunçusu Aytana Bonmatidir. Firəngiz Azərbaycan-İspaniya oyunu zamanı onunla görüşünü xatırlayır:

“İspaniyaya qarşı oynamaq mənim üçün böyük şərəf idi. Aytana ikinci hissədə meydana çıxdı və dərhal oyunun parlayan ulduzuna çevrildi. Bonmati də Ronaldonun, Messinin qazandığı kimi “Qızıl top”lar qazanır. Amma onun haqqında çox az adam danışır və onu tanıyır".

Coşquna Əliyeva əlavə edir ki, sosial şəbəkələrdə futbolçular tez-tez tənqidlə qarşılaşır: “Bizim yerimizdə olmadan mühakimə yürütmək asandır. Hər oyuna maksimum nəticə üçün çıxırıq, heç kim uduzmağı sevmir".

Ancaq real həyatda bu cür tənqidçilərlə rastlaşmırlar. Buna görə də Firəngiz Teymurova onları “monitor arxasındakı şirlər” adlandırır:

“Olur ki, oyun başlamazdan əvvəl bizə yazırlar: “Yenə gedirlər, bizi biabır etməyə”. Amma biz uduzsaq belə, sona qədər vuruşuruq. Heç vaxt kimisə biabır etmək üçün meydana çıxmırıq. Biz ölkə və xalq üçün oynayırıq. İstərdik ki, xalqdan daha çox dəstək görək, həm onlayn, həm də tribunadan".

Cəmiyyətin münasibəti dəyişir?

Son vaxtlar qızlar qadın futboluna münasibətdə dəyişiklik hiss etdiklərini və bunu öz nailiyyətləri ilə əlaqələndirdiklərini deyirlər. 2023/2024 mövsümündə onlar UEFA Millətlər Liqasında öz qruplarında birinci yeri tutdular: altı oyunda beş qələbə və bir heç-heçə. “Kimsə mənə “Qadın? Futbol?” və ya “Niyə bu işlə məşğulsan?” deyəndə, sadəcə nəticələrimizi göstərirəm və deyirəm: bax, qadın kimdir və qadın futbolu nədir. Yalnız nailiyyətlərimizlə insanların düşüncəsini dəyişə bilərik. Biz göstəririk ki, qadın hər şeyin öhdəsindən gələ bilər, futbol da istisna deyil” - deyə Coşquna Əliyeva vurğulayır.

Azərbaycan qadın millisinin baş məşqçisi Siyasət Əsgərov da İdman.Biz-ə müsahibəsində cəmiyyətdəki bu dəyişikliklərdən danışıb. Onun sözlərinə görə, illər boyu valideynlərin müqaviməti ilə qarşılaşıb, onlar qızlarının futbolla məşğul olmasını istəmirdilər. O, istedadlı qızları qoruyur, hətta digər idman növlərindən oyunçular dəvət edirdi. “İndi vəziyyət xeyli yaxşılaşıb: valideynlər özləri uşaqları klublara gətirir, departamentə zəng edib soruşurlar ki, qızlarını hara yazdırsınlar”.

Azərbaycanda futbola qızların cəlb olunmasındakı çətinliklər ölkə çempionatında rəqabətin zəif olmasına gətirib çıxarır. Firəngiz Teymurova qeyd edir ki, “Neftçi” ikinci ildir ardıcıl olaraq Azərbaycan çempionu olur: “Deyə bilmərəm ki, bu, bizə asan başa gəlir. Amma bəzən mövsüm başlamazdan əvvəl rəqiblər deyirlər: “Onsuz da siz çempion olacaqsınız”. Belə sözlərdən sonra düşünürsən: bəs meydana çıxmağın nə mənası var?”.

Futbol - iş, ailə, uşaqlıq

Bütün çətinliklərə baxmayaraq, qızlar qadın futbolunun Azərbaycanda inkişafına inanır və qeyd edirlər ki, irəliləyiş yavaş olsa da, baş verir. Coşqunə Əliyeva deyir ki, futbolçu olmaq böyük şərəfdir: “Qalib gələndə yaxınlarımız fəxrlə deyirlər: “Mənim bacımdır”, “mənim rəfiqəmdir”. İnanılmaz dərəcədə qürurverici haldır”.

O vurğulayır ki, idman karyerasının təməli uşaqlıqdan qoyulur və heç vaxt təxirə salınmamalıdır: “Harada istəsən, işləyib pul qazana bilərsən. Amma məşqçi, “siz minlərlə insan arasından seçilən azsaylılardansınız” dedikdə anlayırsan ki, bu fürsət hər kəsə verilmir. Əgər futbola gəlsən, heç vaxt peşman olmazsan”.

Firəngiz Teymurova da öz karyerası ilə qürur duyur: “2012-ci ildə Bakıda qadınlar arasında U-17 dünya çempionatı keçirilirdi. Qızlarımız meydana çıxanda mən bayraq daşıyırdım. Tofiq Bəhramov stadionundakı atmosfer, azarkeşlərin coşqusu - bu, inanılmaz idi. O vaxt ağlıma da gəlməzdi ki, illər sonra özüm həmin stadionda ölkəm üçün meydana çıxacağam”.

Teymurovanın sözlərinə görə, idman onun üçün sadəcə iş deyil: “Futbol mənim uşaqlığımdır. Özümü bildiyim gündən həyatımda olub. Komandam isə ikinci ailəmdir". Firəngiz arzulayır ki, Azərbaycanda qadın futbolu beynəlxalq tamaşaçıların və medianın diqqətini daha çox cəlb etsin.

Amma bir arzusu artıq gerçəkləşib: “Anam bir dəfə dedi: “Nə yaxşı ki, sənin bu marağına mane olmamışam”. İndi böyük fəxrlə deyir ki, qızı Azərbaycan milli futbol komandasının üzvüdür. Firəngiz üçün bu, ən böyük nailiyyətdir. Ümid edir ki, futbola görə ailə problemləri yaşayan digər qızlar da anlayacaqlar: əgər geri çəkilməsən, çox şeyə nail olmaq mümkündür.

Leyla Eminova

Foto: İslam Atakişiyev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
icma.az

2Sources