EN

Ermənistanda parlament seçkiləri: Sülh və müharibə tərəfdarları üz-üzə - ÖZƏL

"Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, müxtəlif siyasi qüvvələr arasında mübarizə də kəskinləşəcək. Bu kəskinlik özünü parlament müstəvisində göstərəcək. Ardınca isə parlamentdə təmsil olunmayan siyasi qüvvələrin də fəal şəkildə qatıldığı küçə və meydan aksiyaları fonunda siyasi gərginlik daha da artacaq."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu, istənilən ölkədə parlament seçkiləri ərəfəsində rast gəlinən normal bir haldır. Amma nəzərə almaq lazımdır ki, Ermənistanda bu seçkilərə bütün siyasi qüvvələr olduqca prinsipial yanaşırlar. Çünki bu parlament seçkilərində təkcə hakimiyyətin deyil, həm də sülhün taleyi həll olunacaq.

Yəni bu seçkilərə sadəcə "xalq hansı siyasi qüvvəni seçəcək?" prizmasından baxmaq düzgün olmaz. Əslində, xalq Ermənistanda sülhü, yoxsa müharibəni seçəcək - məsələ bundadır. Faktiki olaraq, Ermənistanda "müharibə" və "sülh" partiyaları üz-üzə dayanıb.

Paşinyan və onun komandasını təmsil edən qüvvələr müharibədən və təcavüzdən lazımi nəticə çıxararaq sülhü fəaliyyətlərinin prioritet istiqamətinə çeviriblər. Paşinyanın əleyhinə olanlar isə başlayıb gedən sülh prosesini dayandırmaq, revanşa hazırlaşmaq və Ermənistanı yenidən qonşularla - ilk növbədə Azərbaycan və Türkiyə ilə - gərgin münasibətlər müstəvisinə qaytarmaq istəyən qüvvələrdir.

Üçüncü mühüm məqam isə ondan ibarətdir ki, Rusiya da hazırkı Ermənistan hakimiyyəti ilə normal münasibətlərə malik olmadığı üçün vəziyyətin gərginləşməsində maraqlıdır.

Heç şübhəsiz ki, parlamenti boykot edən, yəni iclaslarda iştirak etməyən siyasi qüvvələr həm revanşist meyillərin təsiri altında hərəkət edirlər, həm də müxtəlif mərkəzlərdən - o cümlədən Rusiyadan - idarə olunurlar.

Əlbəttə, bu hadisələri "parlament böhranı" kimi qələmə vermək düzgün olmazdı. Əgər parlamentin iclasını davam etdirmək üçün tələb olunan sayda deputat iştirak etməsəydi, o zaman vəziyyəti böhran kimi qiymətləndirmək olardı. Lakin məlumata görə, iclası boykot edənlər yalnız bir qrup müxalifət təmsilçiləridir və onların sayı parlamentin fəaliyyətini iflic etmək üçün yetərli deyil.

Əgər deputatların əksəriyyəti - həm müxalifət, həm də hakim partiya üzvləri - belə bir boykota qoşulsaydılar, bəli, bu, parlament böhranı sayıla bilərdi. Amma hazırkı vəziyyətdə boykota yalnız müxalifətin bir hissəsi qatılıb.

Ona görə də indiki mərhələdə Ermənistanda parlament böhranından yox, siyasi mübarizənin daha da gərginləşdiyi bir dövrdən danışmaq olar.

Bundan başqa, Ermənistanın bu gün Azərbaycanla və ümumilikdə bölgədə sülh prosesini sona çatdırmaq niyyətində olması səbəbindən ölkə daxilində müəyyən müxalif qüvvələrə qarşı təzyiq aktlarına beynəlxalq səviyyədə göz yumulur. Hətta Avropa İttifaqının müxtəlif strukturları da müxalifətə qarşı siyasi təzyiqlər üzərində xüsusi dayanmır, bu halları sanki görməməzliyə vururlar.

Bu isə onu göstərir ki, müxalifət hələlik Ermənistanda hakimiyyət üçün real təhlükə yarada biləcək səviyyədə güclənməyib. Buna görə də Ermənistan hazırda parlament böhranı yaşamır - ölkədə sadəcə siyasi mübarizənin daha da qızışdığı bir mərhələ müşahidə olunur."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
olaylar.az

1Sources