Türkiyə Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğramasının səbəbi müəyyən edilənə qədər bütün C-130 təyyarələrinin uçuşlarını dayandırıb.
Editor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib: “Uçuşlar bütün ətraflı texniki yoxlamalar və baxışlar başa çatdıqdan sonra bərpa olunacaq”, – nazirlik bildirib. Nazirliyin açıqlamasında C-130 təyyarəsinin göyərtəsində heç bir sursatın olmadığı bildirilir. Təyyarədə personal və təyyarənin texniki xidmət avadanlıqları olub.
Nazirlik qəzanın səbəbi ilə bağlı nəticə çıxarmağın hələ tez olduğunu vurğulayıb. “Karar” nəşrinin yazdığına görə, araşdırmada iştirak edən mütəxəssislər texniki nasazlıq ehtimalını araşdırırlar.
Qeyd edək ki, Türkiyə qəzaya uğrayan Lockheed C-130 Hercules təyyarəsini 2012-ci ildə Səudiyyə Ərəbistanından alıb və 2022-ci ildə modernləşdirilib. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, onun son texniki xidməti 11 sentyabrdan 12 oktyabra qədər aparılıb.
C-130 təyyarəsi 11 noyabrda Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında, Siqnaqi bələdiyyəsində qəzaya uğrayıb. 20 nəfər həlak olub.