BAKI, 13 noyabr. TELEQRAF
"Qarabağla bağlı aparılan danışıqlar tezliklə üzə çıxacaq. Onda görəcəksiniz ki, Qarabağın müstəqilliyi mövzusu saxtadır".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 13-də Milli Məclisdə 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı yekun nitqində qeyd edib.
"2018-ci ildə hakimiyyətə gəlməsəydik, bu gün Ermənistan Respublikası olmayacaqdı. Nə qədər təvazökar olsa da, bunu deməliyəm və bəli, bu bir missiyadır, biz bu missiyanı yerinə yetiririk. İndi mən tutduğumuz yolun doğruluğuna əminəm".
Paşinyan müxalifətin dövlətin nə olduğunu yenicə öyrəndiklərini deyib: "Onlar dövlətin nə olduğunu bilmirlər, amma forpostun nə olduğunu bilirlər. Biz də forpostda olmuşuq, biz də cibdə olmuşuq, amma qərara almışıq ki, cibdən çıxmalıyıq, müstəqil dövlət olmalıyıq. Biz Ermənistan Respublikasının suveren dövlət kimi yaşamasını təmin edirik", - baş nazir bildirib.
O qeyd edib ki, bəzi dövlətlər Ermənistana 2022-ci ildən əvvəl silah satmayıblar: "Onlar əmin idilər ki, biz o silahlardan Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edəcəyik. 2022-ci il oktyabrın 6-dan sonra ölkəmizin ərazi bütövlüyünü tanıdığımızı deyəndə bizə yol açıldı. İndi müxalifət bundan narazıdır. Onlar üçün dünyada cibdə olmaqdan gözəl yer yoxdur. O cibin sahibləri bizi Qarabağda saxlayıblar".