BAKI, 14 noyabr. TELEQRAF
Türkiyə Cənubi Qafqazda çox mühüm rol oynayır. ABŞ buna qarşı deyil və Türkiyəni regionda mühüm müttəfiq hesab edir.
Teleqraf xəbər verir ki, bunu "NEWS.am"a açıqlamasında amerikalı politoloq, ABŞ-ın keçmiş prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə köməkçisi Tomas Qrem deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz məsələsi, Mərkəzi Asiya məsələsindən qat-qat mürəkkəbdir, çünki ABŞ-ın Cənubi Qafqazda birbaşa maraqları var və buna görə də, orada fəal rol oynamaq niyyətindədir:
"Mən ABŞ-nin bu məsələdə tamamilə Türkiyəyə güvənəcəyini düşünmürəm, lakin yaxın müzakirələr mütləq ən azından Tramp dövründə davam edəcək".
O əlavə edib ki, Vaşinqton Türkiyənin Mərkəzi Asiyada da fəal rol oynamasının əleyhinə deyil.
"ABŞ-ın rəqibləri olan Rusiya və Çin hazırda orada mühüm rol oynayırlar. Ona görə də Türkiyənin bu regiondakı fəaliyyəti əsasən ABŞ-ın maraqları ilə üst-üstə düşür. Orta Asiyada yüksək texnologiyaların inkişafı üçün zəruri olan nəhəng mineral ehtiyatları var, ona görə də bütün böyük dövlətlərin regiona marağı artır. Bu regionda geosiyasi rəqabətin güclənməsini proqnozlaşdırmaq olar" - amerikalı politoloq bildirib.