EN

Dövlət vəzifəsi xalqa xidmət üçün etimaddır

Bölgələrin idarəetmə sistemində dəyişikliklərin hədəfi belədir

Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbulu zamanı etdiyi çıxışında bu təyinatların bölgənin idarəetmə sistemində dəyişikliklərin başlanğıcı kimi mühüm mərhələ olduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, regional inkişafı gerçəkləşdirəcək siyasətin daim diqqətdə saxlanılacağı və bu istiqamətdə önəmli addımların atılacağı anonsunu da verib.

Dövlət başçısı nitqində regionlarda idarəetmənin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrdən danışarkən diqqəti dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın yüksəlməsinə yönəldib və yeni təyin edilən rəhbərlər vasitəsilə bölgədəki icra strukturlarının fəaliyyət mexanizminin optimallaşdırılmasının, rayonların sosial-iqtisadi inkişaf proqramlarının nəzərdə tutulan vaxtda həyata keçirilməsinin həm bölgələrin simasının müasirləşməsinə, həm də əhalinin sosial şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Yeri gəlmişkən, ölkə rəhbəri İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətinin başçısını qəbulu zamanı verdiyi mesajlar Naxçıvan və ətraf rayonlar üçün müəyyən inkişaf prioritetlərinin – infrastrukturun gücləndirilməsi, nəqliyyat logistikası, kənd təsərrüfatı potensialının daha səmərəli istifadəsi, turizm imkanlarının açılması və insan kapitalının yüksəldilməsi məsələlərinin ön planda olacağını göstərir. Xüsusilə Naxçıvanın coğrafi yerləşməsi muxtar respublikanın Türkiyə – İran əlaqələrində, regional tranzit və nəqliyyat şəbəkələrində oynaya biləcəyi rola görə strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında söylədiyi fikirlər Azərbaycanın regional inkişaf siyasətinin artıq dayanıqlı mərhələyə daxil olduğunu bir daha təsdiq edir. Dövlətimizin başçısının “əsas infrastruktur layihələri demək olar ki, başa çatıb” sözləri isə təkcə faktı deyil, həm də yeni mərhələnin başlandığını göstərir.

Xatırladaq ki, ötən illərdə qəbul edilən 3 regional inkişaf proqramı ölkənin bütün bölgələrində sosial-iqtisadi dinamikanın canlanmasına səbəb olub. Bu proqramların icrası ilə yüzlərlə kənd və şəhərin infrastruktur xəritəsi tam dəyişilib. Elektrik enerjisi, qazlaşdırma, yollar, su və sosial infrastruktur sahələrində əldə edilən uğurlu nəticələr sayəsində Azərbaycanın regionları yeni iqtisadi və sosial keyfiyyət mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin nitqində vurğuladığı “artıq elektrik enerjisi təminatında ciddi problem yoxdur, ölkə boyu şəbəkə müasir texnoloji tələblərə cavab verir” sözləri də artıq beynəlxalq aləmdə Azərbaycanın regional idarəetmə modelinin mühüm nailiyyəti, dövlət siyasətinin məqsədyönlü, planlı və ardıcıl icrası nəticəsində şəhərlə kənd arasındakı fərqin getdikcə azalması kimi dəyərləndirilib.

Qeyd edək ki, respublikamızda yaradılan infrastruktur təkcə yollar və elektrik xətləri deyil, bu, həm də sosial rifahın təməlidir. Ölkə rəhbərinin bildirdiyi kimi, hazırda bütün şəhərlərdə müasir xəstəxanalar, məktəblər, idman obyektləri fəaliyyət göstərir. Sosial infrastrukturun yenilənməsi dövlət siyasətinin mərkəzində insan amilinin dayanmasından xəbər verir. İçməli su və suvarma layihələrinin genişlənməsi isə həm insanların həyat şəraitinə, həm də kənd təsərrüfatının inkişafına birbaşa təsir göstərir.

Prezident İlham Əliyevin “bütün şəhərlərdə içməli su layihələri icra edilir” fikri də dövlət siyasətinin hərtərəfli xarakterini nümayiş etdirir. Artıq kəndlərdə bu sahədə ciddi dönüş müşahidə olunur, yeni su anbarları, kanallar, müasir sutəmizləmə sistemləri regionlarda ekoloji balansı qorumaqla yanaşı, ərzaq təhlükəsizliyini də gerçəkləşdirir. Magistral və kənd yollarının yenilənməsi isə regionların iqtisadi həyatını canlandıran amillərdəndir. 70-80 faiz kənd yollarının təmir olunması təkcə nəqliyyat rahatlığını deyil, həm də ticarət dövriyyəsini artırır, kənd təsərrüfatı məhsullarının bazara çıxışını asanlaşdırır.

Azərbaycan liderinin çıxışında xüsusi vurğulanan istiqamətlərdən biri də məşğulluq məsələsidir. Son illər həyata keçirilən struktur islahatları nəticəsində işsizliyin səviyyəsinin minimuma enməsi də bunun bariz ifadəsidir. Bununla belə, dövlət başçısı realist şəkildə etiraf edir ki, bölgələrdən Bakıya miqrasiya meyilləri hələ də qalmaqdadır. Bu problem təkcə Azərbaycana məxsus deyil, bütün inkişaf etmiş ölkələrdə şəhərləşmə prosesi müşahidə olunur.

Ancaq Prezident İlham Əliyevin yanaşması fərqlidir: məqsəd miqrasiyanı inzibati deyil, iqtisadi yollarla tənzimləməkdir. Bunun üçün dövlət müxtəlif mexanizmlər, məsələn, güzəştli kreditlər, özünüməşğulluq proqramı, kiçik və orta biznesin dəstəklənməsi vasitəsilə regionlarda iş yerlərinin yaradılmasını stimullaşdırır.

Dövlət başçısı nitqində ölkədə kənd təsərrüfatı və turizmin inkişafı məsələsinə də toxunub. Ölkə rəhbəri Azərbaycanın bölgələri üçün hər iki sahənin sürətli dirçəliş nəticəsində iki paralel istiqaməti kimi formalaşdığını, birgə inteqrasiyasını xüsusilə önə çəkib. Bildirib ki, dövlətin son illərdə aqrar sektora verdiyi dəstək, məsələn, texnika parklarının yaradılması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və aqrar sığortanın tətbiqinin kənd təsərrüfatının müasir bazar prinsipləri ilə idarə olunmasına şərait yaradıb. Turizm isə regionların iqtisadi həyatına yeni nəfəs gətirib. Xüsusilə təbiəti, mədəni irsi və iqlimi ilə fərqlənən bölgələrdə bu sahə minlərlə iş yerinin yaranmasını şərtləndirib.

Prezident İlham Əliyevin fikrincə, turizmin inkişafı kənd təsərrüfatı ilə birgə regionların əsas iqtisadi dayağı olmalıdır. Bu, həm də qeyri-neft sektorunun dərinləşməsinə, Azərbaycanın iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Onu da deyək ki, bu gün Azərbaycanın yeni inkişaf strategiyasında ekoloji siyasət mühüm yer tutur. Prezident İlham Əliyevin “bölgələrdə ekoloji tarazlıq qorunmalıdır” fikri isə müasir çağırışlara cavab verən prinsipial mövqedir. Yeri gəlmişkən, ölkənin ekoloji mənzərəsində son illər baş verən dəyişikliklər Bakının timsalında öz təsdiqini tapır. “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi də həm simvolik, həm də praktiki məna daşıyır. Yəni neftlə çirklənmiş ərazilərin rekultivasiyası, yeni parkların salınması, sənaye müəssisələrinin ekoloji standartlara uyğunlaşdırılması Azərbaycanın ekoloji siyasətinin əsas uğurlarıdır.

Bu modelin regionlara tətbiqi artıq başlanıb. Dövlət başçısının göstərişi ilə çayların məcralarının dəyişdirilməsinə, tikinti materiallarının qanunsuz hasilatına qarşı ciddi nəzarət mexanizmlərinin tətbiqi xüsusi diqqətdə saxlanılıb. Bu, təkcə təbiətin qorunması deyil, həm də gələcək nəsillər üçün ekoloji təhlükəsizliyin təmin edilməsidir.

Prezident İlham Əliyevin çıxışında “regionların inkişafında yeni mərhələ” ifadəsinin işlədilməsi bölgələrin sabit iqtisadi artım yoluna çıxması üçün zəmin yaradıldığını göstərir. Yeni icra başçılarının təyinatı bu baxımdan xüsusi diqqət çəkir. Bu, qarşıya qoyulan vəzifələrin gerçəkləşməsində yeni strategiya icraçılarının həmişəkindən daha çox məsuliyyət daşıyacaqlarından, eləcə də bölgənin konkret sosial-iqtisadi göstəricilərinə məsul orqanlar kimi çıxış edəcəklərindən xəbər verir.

Ümumiyyətlə, bu təyinatlar həm də mərkəzlə bölgənin əlaqələrinin daha da möhkəmləndirilməsi, qərarların səmərəli icrası və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində əməli addım kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin çıxışından da aydın olur ki, hökumət bölgələrdən xüsusilə konkret nəticələr tələb edir. İcra hakimiyyəti başçılarının dəyişdirilməsi isə bu nəticə yönümlü yanaşmanın birbaşa göstəricisidir. Bu baxımdan Naxçıvan kimi muxtar və strateji əhəmiyyətli bölgədə səlahiyyətli nümayəndənin yenilənməsi mərkəzi icra hakimiyyəti tərəfindən qədim diyara diqqət və qayğının artmasının və regionun idarə edilməsində dinamik bir mərhələyə keçidin ifadəsidir.

Amma belə dəyişikliklər – idarəetmənin yenilənməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi həm də bəzi çətinliklərlə müşayiət olunur. İlk növbədə, yeni təyin olunan icra başçıları və nümayəndə üçün bölgənin reallıqları ilə uyğunlaşmaq, yerli struktur və vərdişlərlə işləmək tələb olunur. Məsələn, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması kimi məsələlər daha çox yerli şəraitdən asılıdır və sadəcə qərarla deyil, həm də təşəbbüslə, əzmkarlıqla, operativliklə, ən əsası isə dövlət başçısının siyasətini daim rəhbər tutmaqla gerçəkləşdirilir.

Bütün bunlarla yanaşı, yeni mərhələdə gənclərin işlə təminatı, urbanizasiya prosesləri və sosial infrastrukturun yenilənməsi kimi məsələlərdə yerli idarəçilik böyük məsuliyyət daşıyacaq. Yeni icra başçılarının qarşısında duran əsas məqsədlərdən biri həm yerli problemləri vaxtında aşkarlamaq, həm də çətinlikləri mərkəzin müəyyənləşdirdiyi strateji hədəflərlə uzlaşdırmaq olacaq.

Uzunmüddətli perspektivdə bu addımlar regionun təkcə inkişafına deyil, eyni zamanda, xarici investisiya və beynəlxalq tranzit imkanlarının artmasına da töhfə verəcək. Naxçıvanın coğrafi mövqeyi və Azərbaycanın yeni regional nəqliyyat dəhlizlərində oynayacağı rol nəzərə alınsa, burada idarəetmənin yenidən qurulması strateji əhəmiyyət daşıyacaq. Daha konkret desək, əgər region icra hakimiyyəti başçıları və səlahiyyətli nümayəndə sistemi səmərəli fəaliyyət göstərəcəyi təqdirdə, layihə icrası şəbəkələri (yol, enerji, logistika) sürətlə inkişaf edəcək, bu isə bölgənin iqtisadi artımını və sosial rifahını artıracaq. Nəticədə yerli icra strukturlarının gücləndirilməsi mərkəzin bölgəyə daha az “müdaxilə”, amma daha çox “koordinasiya” roluna keçməsinə imkan verəcək.

Azərbaycan liderinin sözügedən təyinatları yalnız daxili idarəetmə çərçivəsində qiymətləndirilməməlidir. Respublikamız son illərdə regionun enerji, nəqliyyat, geosiyasət sahələrində fəal rol oynamaqla bərabər, yerli idarəetmə sistemində də islahatlara önəm verir. Bu istiqamətdəki addımlar dövlətin “yuxarıdan” bölgələrə, necə deyərlər, səpələnmiş qərarlarla deyil, “mərkəz-bölgə” əməkdaşlığı ilə idarəetməni modernləşdirmə niyyətini əks etdirir.

Bu da, öz növbəsində, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirir. Məsələn, xarici investisiyanın cəlbi üçün yalnız infrastrukturun mövcudluğu kifayət deyil, həmçinin yerli idarəetmə mühitinin yaradılması da vacib şərtdir. Yeni başçıların və səlahiyyətli nümayəndənin bu vəzifənin həyata keçirilməsində əsas rol oynayacağı da ən mühüm amillərdən biridir.

Dövlətimizin başçısının noyabrın 12-də Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbulu zamanı çıxışı yeni idarəetmə paketinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu isə əsasən regionun inkişaf istiqamətinin yenidən müəyyənləşdirilməsi, idarəetmənin çevikləşdirilməsi və mərkəz-bölgə əlaqələrinin gücləndirilməsi anlamına gəlir. Naxçıvan kimi xüsusi əhəmiyyətli bölgədə atılan bu addım həm də ciddi bir mesajdır: “Bu region bizim üçün prioritetdir, burada nəticə tələb olunur”.

Beləliklə, yuxarıda vurğulanan məsələlərin həlli istiqamətində gerçəkləşdirilən layihələr gələcəkdə Naxçıvan Muxtar Respublikasının, eləcə də digər rayonların sosial-iqtisadi inkişafında sıçrayışı şərtləndirəcək. Bununla da bu prosesdə izlənilməsi lazım olan vacib göstəricilərə – layihələrin vaxtında tamamlanması, şəffaf hesabatlıq, investisiyaların cəlb edilməsi və yerli əhaliyə iş imkanlarının artırılmasına nail olunacaq.

Son illərdə Azərbaycanın bütün bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr dövlətimizin başçısının şəxsən rəhbərlik etdiyi regional inkişaf siyasətinin real nəticələridir. 9 beynəlxalq hava limanı, yeni dəmir yolları, magistral avtomobil xətləri, müasir elektrik və su infrastrukturu, qazlaşdırmanın 100 faizə yaxın səviyyəsi, yeni məktəblər, xəstəxanalar – bütün bunlar Azərbaycanın dövlətçilik tarixində misilsiz inkişaf mərhələsinin göstəriciləridir.

Bu uğurların əsasında xalqın rifahı, dövlətin qüdrəti, gələcəyin dayanıqlılığı kimi bir prinsiplər dayanır. Prezident İlham Əliyevin nitqində səsləndirdiyi mesaj da məhz budur: Azərbaycan regionları təkcə abadlıqla deyil, düşünülmüş idarəetmə, səmərəli iqtisadiyyat və vətəndaş məmnuniyyəti ilə fərqlənməlidir.

Bu gün regionların canlanması, kəndlərin yenidən qurulması, insanlara qayğı və diqqətin artması dövlətin gücünü, respublika liderinin isə bu gücü xalqın rifahına yönəltmək iradəsini nümayiş etdirir. Azərbaycan artıq müasir dövrün tələblərinə cavab verən, innovasiyaya və dayanıqlılığa əsaslanan yeni mərhələyə qədəm qoyur.

Vaqif BAYRAMOV
XQ

Chosen
41
xalqqazeti.az

1Sources