EN

Azər Kərimli: “Azərbaycan Vətən müharibəsində qələbəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb”



“Məlumdur ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin mədəni-tarixi abidələri olan məkanlardan biri olmuşdur. Təəssüflər olsun ki, 30 illik işğal dövründə Ağdamın da əksər abidələri digər işğal altındakı ərazilərimizdə olduğu kimi, erməni vandalları tərəfindən dağıdılıb və talan edilib. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində Ağdamın məruz qoyulduğu dağıntılar və bu şəhərin yenidən dirçəlişi barədə öz fikirlərini səsləndirərkən belə demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu gün artıq təkcə Azərbaycan deyil, bütün dünya ictimaiyyəti dövlət başçımızın dediklərinin necə reallaşdığının şahididir. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Ağdamda həyata keçirilən yeidənqurma və bərpa işlərinin həm miqyası, həm də yüksək dinamikası hər kəsi heyran qoyur”

Bu sözləri 20 Noyabr – Ağdam şəhəri Günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Daha sonra millət vəkili ölkəmizin 30 il ərzində məruz qoyulduğu ikili standartlar siyaətindən bəhs edərək bunları deyib: “1993-cü ildə rayon mərkəzi və 90 kənd daxil olmaqla Ağdam ərazisinin 73 faizi işğal olundu. İşğal səbəbindən yüz mindən artıq insan uzun illər məcburi köçkün həyatını yaşamalı oldu. Bütün bu hadisələrin dünya ictimaiyyətinin gözü qarşısında baş verməsinə rəğmən beynəlxalq təşkilatlar Azərbaycanın haqqını müdafiə etmək məqsədilə heç bir əməli addım atmadılar. ATƏT, BMT-nin Təhlükəsizlik Şurası və digər təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı bəyanat və qətnamələrdə təcavüzün qətiyyətlə pislənməsi, işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının dərhal çıxarılmasına çağırış və digər bu kimi ifadələr yer alsa da, onların real həyatda icrası üçün həmin sənədləri qəbul edən beynəlxalq qurumlar tərəfindən otuz il ərzində heç bir əməli addım atılmadı. Öz havadarlarına arxalanan Ermənistan beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Konkret olaraq Ağdamda isə ermənilər həmçinin coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi hərbi cinayətlər də törətdilər. Nə BMT, nə də heç bir digər səlahiyyətli beynəlxalq qurum Ermənistanın hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi niyyətlərinə qarşı çıxmadı. Məhz bütün bunlara görə də Azərbaycan 2020-ci ilin 27 sentyabr tarixində Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı. 44 gün davam edən II Qarabağ savaşı ölkəmizin tam və qəti qələbəsi ilə başa çatdı. Qeyd olunmalıdır ki, Azərbaycan bu müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Böyük siyasi və mənəvi önəm kəsb edən məqamlardan biri də cənab Prezident İlham Əliyevin Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsləri və bu məqsədlə atılan addımlarla bağlıdır. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr tarixi Ağdam şəhəri günü kimi müəyyən olunub. Bu tarix Azərbaycan xalqının gələcək nəsillərə olan ən müqəddəs miraslarından biri kimi millətin qan yaddaşına əbədi həkk olunub” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Chosen
17
aia.az

1Sources