EN

QHT sədri Şəhidin cibindən çıxan əmanəti toplum üçün mesaj adlandırdı

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid Bayramov Ruslanla bağlı ürəkparçalayan paylaşım edib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, şəhidin cibindən tapılan kiçik uşaq corabı təkcə ailə üçün deyil, bütün xalq üçün dərin mənəvi simvola çevrilib. Tünzalə Abduləlimova qeyd edib ki, həmin corab nə istilik verirdi, nə də döyüşçünü soyuqdan qoruyurdu, lakin şəhid üçün ən böyük mənəvi dayaq idi::

"O kiçik corab onun cibində yük deyil, ümid idi. Döyüşə gedərkən özü ilə apardığı ən qiymətli əmanət… balasının qoxusu, nəfəsi, yaşamadığı günlərin həsrəti idi.

Şəhidimiz addım-addım irəliləyərkən, hər güllənin səsi ona bir şeyi xatırladırdı: “Mənim evdə gözləyən balam var.” O balanın gülüşü ilə böyüyən bir cəsarət, o balanın göz yaşını görməmək üçün etdiyi bir fədakarlıq vardı.
Və bir gün… qəhrəmanımız geri qayıtmadı. Ancaq cibindən çıxan o balaca corab təkcə bir uşaq xatirəsi deyil, bir millətin yaddaşı oldu. O corab — sevginin, fədakarlığın, övladına qovuşa bilməyən bütün şəhid ataların simvolu kimi qaldı.

Hər kəs bir şey itirdi bu savaşda. Kimi evini, kimi səssizliyini, kimi də atasını…

Amma bir uşaq atasını itirəndə, bir millət borclu qaldı. Çünki azadlığımızı o balaca corabı cibində gəzdirən böyük ürəkli şəhidlər qazandı.

Ruhu şad olsun…

O corab isə bizə həmişə xatırladacaq: Qəhrəmanlıq həmişə ən sadə əşyaların içində gizlənir.
Səni ehtiramla yad edirik Ruslan!"

Chosen
95
qht.az

1Sources