EN

Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür

12 noyabr 2025-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Prezident qəbul vaxtı onlara böyük etimad göstərildiyini söyləyib və bir sıra tövsiyələr və tapşırıqlar verib: “Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.

Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”.

Prezident eyni zamanda rəhbər vəzifədə çalışan hər bir şəxsin, hər bir məmurun təvazökar olmaları, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmalı, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmələri, rəhbərlik edəcəkləri bölgələrdə öz işlərinə ciddi, vicdanla, məsuliyyətlə yanaşmaları barədə göstəriş verib.  

Prezident İlham Əliyev öz çıxışında bölgələrimizdə əsas infrastruktur layihələrin artıq demək olar ki, başa çatdığını söyləyib: “Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.”

Qeyd olunub ki, magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. 

Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı tikinti-bərpa işləri gedir. Yeni yollar çəkilir, məktəb, bağça, xəstəxanalar, idman obyektləri tikilib sakinlərin ixtiyarına verilir. 

Bununla bərabər digər kənd və qəsəbələrimizdə də içməli su ilə bağlı bir sıra tədbirlər görülür. Kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün yeni su anbarları, su kanalları,o cümlədən sosial infrastruktur layihələri, məktəblər, xəstəxanalar, idman obyektləri tikilir. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. 

Dövlət başçısı əsas prinsipin ədalət prinsipi olduğunu vurğulayıb: “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb.” 

Göründüyü kimi, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də insanlar iş axtarışı ilə bölgələrdən Bakıya, böyük şəhərlərə axın edirlər, çünki şəhərdə iş yeri tapmaq daha asandır. Lakin son vaxtlar sevindirici haldır ki, bölgələrdə insanları işlə təmin etmək üçün dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq onminlərlə insan bu proqramla əhatə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Yerlərdəki rəhbərlərdən tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”.

Prezident eyni zamanda çıxışanda ekologiya probleminə də nəzər yetirib. O, bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlərin olmadığını, əsas problemlərin bir vaxtlar Bakı şəhərində olduğunu, artıq bu problemin həll edildiyini nəzərə çatdırıb: “Bölgələrdə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı - bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir. Bir sözlə, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır”. 

Anar AbbasovXırdalan bələdiyyəsinin sədri

Chosen
14
3
missiya.az

4Sources