EN

"Rusiya ordusunun komandanlığı Azərbaycandan qisas almağa çalışır" -Hərbi ekspert

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Rusiya indiyə qədər bir neçə dəfə Ukraynanın paytaxtında yerləşən Azərbaycan səfirliyinin binası ətrafına raket zərbələri endirib:

"Bundan əlavə Ukrayna ərazisində yerləşən Azərbaycanın SOCAR şirkətinə məxsus olan bir neçə neft anbarı da məqsədli şəkildə bombalanıb və buna görə indiyə qədər Rusiya tərəfi bir dəfə də olsun üzrxahlıq etməyib. Gecə də səfirliyin ətrafına “İsgəndər” operativ-taktiki raket kompleksindən növbəti dəfə zərbə endirilib və bütün bu addımlar birmənalı olaraq məqsədli şəkildə həyata keçirilir. Rusiya heç bir halda Azərbaycanın Ukraynanı dəstəkləməsini həzm edə bilmir və əlində olan ən qorxunc silahlarla Azərbaycan səfirliyinin ətrafına zərbələr endirməklə sanki Rusiya ordusunun komandanlığı Azərbaycandan qisas almağa çalışır".

Hərbi ekspertin sözlərinə görə, bu hər iki ölkə rəhbərliyi arasında mövcud olan mehriban qonşuluq münasibətlərinə kifayət qədər ciddi zərbə vurur.

"Rusiya ordusu tərəfindən Azərbaycan səfirliyinin ətrafına və Azərbaycana məxsus olan şirkətlərin əmlakına zərbə endirilməsi birmənalı şəkildə terror hücumudur və bu fəaliyyətlərə birmənalı şəkildə son verilməlidir. Rusiyanın mülki obyektlərə, mülki insanların yaşadığı binalara və infrastruktura zərbə endirməsi bir daha rus ordusunun Ukrayna ərazisində terror fəaliyyətlərini göstərən cinayətləridir".

Aytəkin TOFİQQIZI

Chosen
37
2
redaktor.az

3Sources