EN

Qadağan olunmuş maddələrlə mübarizə: AMADA qurumlararası əməkdaşlığı gücləndirir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı,14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa keçirilib.

AMADA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin (WADA) və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov dəyirmi masanın əhəmiyyətini vurğulayaraq bildirib ki, qadağan olunmuş maddələrlə mübarizədə institusional əməkdaşlığın gücləndirilməsi mövcud çağırışlar fonunda xüsusi önəm daşıyır. Tədbirin Dövlət Proqramı çərçivəsində keçirilməsi dövlət qurumları, hüquq-mühafizə orqanları və beynəlxalq tərəfdaşlar arasında koordinasiya və məlumat mübadiləsinin daha da gücləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Antidopinq sahəsində səmərəli əməkdaşlıq idmanda ədalət prinsipinin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasında mühüm rol oynayır.

Daha sonra AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə dəyirmi masanın ölkəmizdə antidopinq sisteminin dayanıqlılığının və effektivliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib. Vurğulayıb ki, Dövlət Proqramından irəli gələn məsələlər dövlət qurumları, hüquq-mühafizə strukturları və beynəlxalq antidopinq təsisatları arasında əməkdaşlığın yeni mərhələyə daşınması baxımından böyük əhəmiyyət kəsb edir. AMADA məlumat və təhqiqat mübadiləsinin genişləndirilməsi, risklərin proaktiv idarə edilməsi, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Dəyirmi masanın növbəti hissəsində WADA-nın Təhqiqat şöbəsinin rəhbəri Mathieu Holz, Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer, Polşa Antidopinq Agentliyinin direktor müavini Hubert Dziudzik, “Sportradar”ın Risk və təhqiqatlar şöbəsinin baş meneceri Niall Murphy və digərləri çıxış edərək ali antidopinq qurumunun yerli hüquq-mühafizə orqanları və hökumətlərlə əməkdaşlıq mexanizmləri, mövcud beynəlxalq təcrübələr, təhqiqat və məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.

Müzakirələr zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, gənclərin zərərli təsirlərdən qorunması üçün maarifləndirmə işlərinin gücləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin önəmi və beynəlxalq antidopinq təhsil mərkəzinin yaradılması kimi mövzulara xüsusi önəm verilib.

Tədbirin sonunda antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmanın təşviqi, gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, AMADA-nın aidiyyəti dövlət qurumları ilə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
4
azertag.az

6Sources