EN

Tramp 2026-cı ildə Davosa getməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) iştirak etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, bu addım iki ölkə arasında ticarət sazişi üzrə aparılan danışıqlar fonunda ABŞ və İsveçrə münasibətlərinin yaxşılaşdığını göstərir. Amerika liderinin foruma geniş tərkibli nümayəndə heyəti ilə qatılacağı gözlənilir.

Qeyd edək ki, Tramp 2025-ci ildə Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə iştirak etmişdi.

“DİF G20 ölkələrinin dövlət və hökumət başçılarını, o cümlədən Prezident Trampı 2026-cı ildə keçiriləcək illik toplantıya dəvət edib. Təsdiqlənmiş iştirakçıların dəqiq siyahısı tədbirdən bir həftə əvvəl açıqlanacaq”, – deyə forumun açıqlamasından sitat gətirilir.

Dünya İqtisadi Forumu İsveçrənin qeyri-hökumət təşkilatıdır və biznes liderlərini, siyasi şəxsləri, həmçinin müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirən illik toplantılar keçirir. Minə yaxın iri şirkət və qurum DİF-in üzvüdür. 2026-cı il toplantısı yanvarın 19-dan 23-dək keçiriləcək və “Dialoqun Ruhu” mövzusu ilə təqdim olunacaq.

5Sources