EN

Simonyandan Xocalı canilərinə ağır sözlər – Paşinyan “məsələni həll etməyin vaxtı çatıb” dedi

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi hərarət yüksəlir. Məntiqlidir. Çünki qarşıdakı kritik seçkilər xeyli dərəcədə erməni xalqının taleyini müəyyən edəcək.

Bu mənada şübhə yox ki, seçkilərdə həlledici mübarizə hakim partiya ilə Rusiyaya bağlı müharibə tərəfdarları arasında gedəcək. Müşahidələrə görə, sonuncular pərakəndə şəkildə və aşağı nüfuzlu olduğu üçün iqtidara qarşı vahid cəbhədə birləşməyə çalışırlar.

Sözsüz ki, hakimiyyət də mürgü vurmur. Radikal-revanşist düşərgəni səsvermə günün qədər cəmiyyətin gözündən daha da salmaq, rüsvay etmək üçün bütün resurslardan yararlanır...

“İnsanlar müxalifətdən üz döndərirlər, çünki onları yorublar”.

Bunu sədr Alen Simonyan dünən parlamentdə bildirib. “İnsanlar deyir, kim olur-olsun, yalnız onlar olmasın. Siz bunu başa düşürsünüz? (Azərbaycanla aparılan) Danışıqlardan bəhs edirsiniz. Bəs Robert Köçəryan, Serj Sərkisyan haradadır? Artıq onları açıq dabata çağırmışıq, gəlsinlər”, - spiker bildirib (Teleqraf).

Ardınca qeyd edib ki, Köçəryan və Sərkisyan ancaq özlərinə uyğun şəxslərə müsahibə verirlər: “Robert Köçəryan gəlsin, seçilmiş şəxsin (Baş nazir Nikol Paşinyanın) qarşısında otursun və Ermənistan xalqına danışsın, desin: bilirsiniz, Qarabağ məsələsində vəziyyət belə olub. O qorxur. Mən deyirəm ki, o, çox qorxur”.

O, Ermənistan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərində heç bir şansının olmadığını da söyləyib...

Az öncə Nikol Paşinyan Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunu dekabrda ATƏT-in Minsk Qrupunun rəsmən ləğv edilməsindən sonra edəcəyini bildirib.

Sabiqlər isə açıq debatlardan qaçırlar. Ona görə ki, mövqeləri çox zəifdir. Hər halda 44 günlük müharibədə darmadağın edilən ən əvvəl onların “məğlubedilməz ordu”su idi. Paşinyan iki ilə (2018-2020) Azərbaycan torpaqlarının 20%-ni daha bir neçə il işğal altında saxlayacaq güclü ordu yarada bilməzdi. Əlbəttə, Azərbaycan da yerində saymırdı. Aprel döyüşlərində (2016) Köçəryan-Sərkisyan xunta rejimi artıq yağlı şapalaq yemişdi. Xuntaçı cütlüyün daha bir zəif nöqtəsi Bakının münaqişənin həlli ilə bağlı illərlə irəli sürdüyü əlverişli təklifləri (yüksək muxtariyyət, Bakı-Ceyhan neft xəttinin Ermənistandan keçirilməsi və s.) rədd eləməsi ilə bağlıdır.

Bu və digər səbəbdən Simonyan haqlı. Qısası, növbəti parlament seçkilərində də erməni xalqı pislə (Paşinyan komandası) və ən pis (Xocalı caniləri Köçəryan və Sərksiyan timsalında radikal müxalifət) arasında seçim etməli olacaq...

Paşinyan həmçinin deyib ki, yeni seçkilər xarici təsir agentlərindən qurtulmaq üçün fürsət olacaq. O, bunu yaxşı imkan” adlandırıb. Sitat: “Vətəndaşlar bizi Robert Köçəryan, Serj Sarkisyan və onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verməkdə günahlandırır. Tezliklə seçkilər olacaq və bu qüvvələrin parlamentə düşməmək ehtimalı böyükdür. Bu məsələni həll etməyin vaxtı çatıb. 2018-ci ildən bəri Ermənistan “eyni ölkənin cibindədir” və siyahıya daxil edilən şəxslər həmin ölkənin “təsir agentləridir”.

Hansı ölkənin “cibindən” söhbət gedir, yəqin ki, aydındır. Bu - Rusiyadır. Deməli, qarşıdakı seçkilər həm də Zəngəzur dəhlizi (TRİPP marşrutu) üçün mühüm önəm kəsb edir. Bu layihə isə Azərbaycan və ABŞ-dan çox erməni xalqının özünə gərəkdir. Nəhayət, blokadadan, rusun “cibindən” qurtulub Azərbaycan və Türkiyənin köməyi ilə inkişaf yoluna çıxmaq üçün...

Analitik xidmət,
Musavat.com

Chosen
23
musavat.com

1Sources