Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə şirkəti “Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanması üzrə müqavilə imzalanıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, müqavilə “AzMC” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 dollar təşkil edir.
Layihə çərçivəsində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi Şəmkir rayonu ərazisində inşası planlaşdırılan isti briketlənmiş dəmir zavodunun tikintisi və istismarı üçün əsas mərhələ hesab olunur. Dörd ay müddətində tamamlanması planlaşdırılan sənəd zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi istiqamətində beynəlxalq institutlar və banklar qarşısında əsas istinad sənədi rolunu oynayacaq. Hazırlanacaq TİƏ sənədi zavodun inşası üçün optimal texnoloji həllərin müəyyən edilməsini, tikinti və mühəndislik işlərinin planlaşdırılmasını, eləcə də tammiqyaslı işlənməsi üzrə növbəti mərhələlərin həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib.
Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlı müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə resursların səmərəli istismarını təmin edib.
Xatırladaq ki, “Azerbaijan Metal Company” MMC birgə müəssisəsi bu il sentyabrın 23-də “AzerGold” QSC-nin törəməsi “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis olunub. Müəssisə illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarı üzrə fəaliyyət göstərəcək.
Şəmkir rayonu ərazisində tikiləcək zavodun 2029-cu ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Müasir və ekoloji baxımdan təhlükəsiz texnologiyaların tətbiqi ilə həyata keçiriləcək layihənin ümumi investisiya dəyəri təxminən 700 milyon dollar təşkil edir. Sözügedən layihə çərçivəsində ÜDM-ə illik 694 milyon dollar həcmində töhfə gözlənilir və təqribən 1600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.