EN

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı vacib MESAJ

“Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir”.

Bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir:

“Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. 

Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək”.

Qeyd edək ki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan üçün deyil, bütün region üçün böyük strateji əhəmiyyətə malikdir. Çünki onun vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi yaradılacaq.

Bu isə o deməkdir ki, Türkiyə, Rusiya, İran, eləcə də başqa region ölkələri üçün də yeni nəqliyyat və tranzit imkanları açılacaq. Bundan başqa, Zəngəzur dəhlizinin açılması bölgənin iqtisadi və sosial rifahının da artmasına gətirib çıxaracaq, habelə sülhə töhfə verəcək.

Milli Məclisin deputatı Tural Gəncəliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir:

“Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Orta Dəhlizin bir komponentidir. Orta Dəhlizin tam funksional olması üçün Zəngəzur dəhlizinin işlək olmasına ehtiyac var. Üstəlik, Zəngəzur dəhlizi Çindən Avropaya qədər uzanan və tarixi marşrutların üzərində yerləşən bir dəhlizdir. Hazırda Rusiya-Ukrayna müharibəsinə və Yaxın Şərqdəki problemli vəziyyətə görə digər marşrutlar işlək deyil.

Ona görə də Zəngəzur dəhlizi bu baxımdan da önəmlidir. Prezident İlham Əliyevin də ötən gün Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə bu məsələni xüsusi vurğulaması təsadüfi deyildi. Bu, Zəngəzur dəhlizinin əhəmiyyəti barədə ən vacib mesajlardan biri idi”.

Millət vəkili diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti də Zəngəzur dəhlizinin açılması üçün əlindən gələni etməlidir:

“Zəngəzur dəhlizinin açılması, eyni zamanda Ermənistanın özü üçün dvident əldə etmək deməkdir. Ermənistan onilliklər boyu Azərbaycana qarşı təcavüz etməklə özünü izoliyasiya səviyyəsinə salıb.

İndi isə Zəngəzur dəhlizi ilə bağlı məsələldə aktiv olmalıdır. Problemlərin həll olunması üçün rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı məsələdə öz üzərinə düşən öhdəlikləri tez bir zamanda yerinə yetirməlidir”.

Chosen
29
cebheinfo.az

1Sources