EN

Beynəlxalq konfransda “Mədəni irsin mühafizəsində Azərbaycan Milli Kitabxanasının rolu” mövzusunda məruzə dinlənilib

Bakı, 14 noyabr, AZƏRTAC

Özbəkistanın Daşkənd şəhərində keçirilən “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqres öz işini tematik bölmə iclasları formatında davam etdirib. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Gil lövhələrdən rəqəmsal arxivlərə: Mərkəzi Asiya kitabxanalarının yolu” adlı beynəlxalq konfransda “Mədəni irsin mühafizəsində Azərbaycan Milli Kitabxanasının rolu” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, direktor çıxışında qiymətli və zəngin arxiv fondunu yaradaraq gələcək nəsillər üçün mühafizə edən Azərbaycan Milli Kitabxanasında həyata keçirilən layihələrdən bəhs edib. Qeyd edib ki, Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri, mətbuat tarixinin misilsiz bir hissəsini təşkil edən dövri mətbuat arxivi, dünyanın 20‐ə yaxın dilində olan ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, unikal “Səsyazıları Fondu” böyük əhəmiyyət kəsb edir.

O, qədim köklərə malik olan Azərbaycan musiqisinin çoxəsrlik inkişaf tarixindən, xalqın əsrlər boyunca yaratdığı musiqi sərvətlərinin qorunub saxlanmasında və nəsildən-nəsilə ötürülməsində Azərbaycan Milli Kitabxanasının rolundan, musiqi irsimizin mühafizəsi və təbliği istiqamətində kitabxananın həyata keçirdiyi layihələrdən danışıb. Eyni zamanda “Elektron musiqi kitabxanası”, həmçinin dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi məqsədi daşıyan “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən bəhs edib.

Qeyd edək ki, tədbirdə “Bir keçmiş – ümumi gələcək” adlı kitab sərgisi də təşkil olunub. Sərgidə nümayiş edilən və hər bir iştirakçı ölkənin tarixinə, ədəbiyyatına, mədəniyyətinə aid kitablar xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə vermək məqsədilə yeni açılmış Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin Kitabxanasının fonduna hədiyyə olunacaq.

Beynəlxalq Konqres çərçivəsində eyni zamanda, Özbəkistanın mədəni və mənəvi irsinin beynəlxalq arenada öyrənilməsi, qorunması və təbliğinə həsr edilmiş elmi və nəşr layihələri, sənədli filmlər və interaktiv media formatlar təqdim olunur, Mərkəzi Asiya ölkələrinin dünya sivilizasiyasına verdiyi töhfələri əks etdirən xüsusi sərgilər keçirilir.

Chosen
3
2
azertag.az

3Sources