EN

Dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və vətəndaşlara xidmət

ain.az, 525.az saytına istinadən bildirir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-də yeni təyin olunmuş Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların yeni icra hakimiyyəti başçılarını qəbul etdi. Prezidentin çıxışında səsləndirilən fikirlər dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət, vətəndaşlara xidmət və sosial ədalət prinsiplərinin daha da gücləndirilməsinə yönəlmiş mühüm strateji mesajlar idi.

Azərbaycan Prezidenti bir daha vurğuladı ki, dövlət məmurlarının başlıca vəzifəsi xalqa xidmət etməkdir. Bu, dövlət idarəçiliyinin mahiyyətini və dövlət qulluqçularının əsas məsuliyyətini müəyyən edən prinsipial yanaşmadır. Prezident qeyd etdi ki, rəhbər vəzifə daşıyan hər bir şəxs öz fəaliyyətində xalqla bir yerdə olmalı, xalqın maraqlarına xidmət göstərməli, rəhbərliyin təməl prinsipi vətəndaşa yaxınlıq və səmimiyyət üzərində qurulmalıdır. Dövlət başçısı bildirdi ki, məmur təvazökar olmalı, cəmiyyətdə özünü ədəb və məsuliyyətlə aparmalıdır. Bu yanaşma dövlət idarəçiliyində etik davranışın və şəxsi nümunənin vacibliyini göstərir. Prezidentin sözlərinə görə, bəzi hallarda məmurların təkəbbürlü davranışı, cəmiyyətdən uzaqlaşması, yaxud korrupsiya halları dövlət siyasətinə kölgə salır. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, heç bir qanunsuzluq və korrupsiya halı cəzasız qalmayacaq. Bu mövqe Azərbaycan Respublikasında şəffaf və hesabatlı idarəçiliyin təmin edilməsinə, ictimai etimadın gücləndirilməsinə yönəlmiş ardıcıl siyasi iradənin bariz təzahürüdür.

Dövlətimizin başçısı çıxışında son illərdə ölkəboyu həyata keçirilmiş genişmiqyaslı infrastruktur layihələrinə də toxundu. Bildirildi ki, regionlarda elektrik enerjisi, yollar, su təchizatı və sosial infrastruktur sahələrində köklü dönüş baş verib. Bu gün Azərbaycanın bütün bölgələrində müasir yollar çəkilib, kənd yollarının böyük hissəsi təmir olunub, içməli su layihələri icra edilib. Yeni su anbarlarının və kanalların tikintisi nəticəsində kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaranıb. Regionların sosial-iqtisadi inkişafı proqramları ölkənin bütün bölgələrində insanların rifahını artırmaq məqsədilə ardıcıl şəkildə həyata keçirilir. Təhsil, səhiyyə, idman və sosial obyektlərin tikintisi dövlətin vətəndaş rifahına yönəlmiş siyasətinin praktiki göstəricisidir.

Prezident cənab İlham Əliyev çıxışında sosial ədalət prinsipinin idarəetmənin əsas dayaqlarından biri olduğunu xüsusi vurğuladı. Onun sözlərinə görə, hər bir vətəndaş - yaşadığı bölgədən, sosial vəziyyətindən və ya tutduğu mövqedən asılı olmayaraq - ədalətin mövcudluğunu hiss etməlidir. Bu yanaşma dövlət siyasətinin humanist mahiyyətini və sosial yönümünü bir daha ön plana çıxarır. Prezidentin vurğuladığı kimi, keçmişdə bəzi icra orqanlarında mövcud olmuş neqativ hallar artıq aradan qaldırılıb, idarəetmədə şəffaflıq təmin olunub.

Mərkəzi və yerli səviyyədə aparılan kadr islahatları nəticəsində dövlət aparatında sağlamlaşdırma prosesi həyata keçirilib. Yeni təyinatlar da bu istiqamətin davamı kimi dəyərləndirilir. Dövlət başçısı bildirdi ki, artıq heç bir məmur qanunsuz tapşırıq və göstəriş almır, çünki belə hallar sistemli şəkildə aradan qaldırılıb.

Prezident cənab İlham Əliyev çıxışında qeyd etdi ki, bölgələrdə işsizlik səviyyəsinin azaldılması və yerli istehsalın gücləndirilməsi dövlətin əsas iqtisadi prioritetlərindən biridir. Dövlət tərəfindən özünüməşğulluq proqramı, güzəştli kreditlər və sahibkarlığa dəstək mexanizmləri uğurla icra olunur.

Bu siyasətin məqsədi regionlarda yeni iş yerlərinin açılması, əhalinin iqtisadi fəallığının artırılması və paytaxt mərkəzli miqrasiyanın qarşısının alınmasıdır. Prezident xüsusilə kənd təsərrüfatı və turizmin inkişafını bölgələrin iqtisadi dirçəlişində aparıcı amillər kimi göstərdi. Dövlət başçısı ekoloji məsələlərə də xüsusi diqqət yetirdi. O vurğuladı ki, Azərbaycanın bölgələrində ekoloji vəziyyət sabitdir, lakin ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsi daim diqqət mərkəzində olmalıdır.

Prezident Bakı və Sumqayıtın keçmişdə ekoloji problemlərlə üzləşdiyini, lakin bu sahədə köklü dəyişikliklərə nail olunduğunu qeyd etdi. “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi ölkəmizin ekoloji və şəhərsalma siyasətinin uğurunu simvolizə edir. Bölgələrdə ekoloji tarazlığın qorunması üçün qanunsuz tikintilərin, çay məcralarının dəyişdirilməsinin və təbii sərvətlərin məqsədsiz istifadəsinin qarşısının alınması vacib məsələ kimi vurğulandı.

Prezident cənab İlham Əliyev yeni təyin olunan məmurlara müraciət edərək bildirdi ki, onların üzərinə düşən əsas vəzifə dövlətə və xalqa sədaqətlə xidmət etməkdir. Dövlət başçısı hər bir məmurun fəaliyyətinə şəxsən nəzarət edəcəyini və etimadın doğruldulmasının əsas meyar olduğunu bəyan etdi. Bu çıxış, əslində, Azərbaycanda yeni nəsil idarəetmə fəlsəfəsinin formalaşmasının göstəricisidir. Bu fəlsəfənin mərkəzində xalqın rifahı, dövlətin inkişafı, sosial ədalət və şəffaflıq prinsipləri dayanır.

Prezident cənab İlham Əliyevin keçirdiyi qəbul və bu zaman səsləndirdiyi fikirlər ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji baxışın ifadəsidir. Dövlət başçısının çıxışında əsas xətt - xalqa xidmət, ədalət, şəffaflıq və məsuliyyət prinsiplərinin möhkəmləndirilməsidir. Bu prinsiplər əsasında formalaşan yeni idarəetmə modeli Azərbaycanın bütün bölgələrində dayanıqlı sosial-iqtisadi inkişafı təmin edir. Yeni təyin olunan rəhbərlərin üzərinə düşən vəzifə bu etimadı doğrultmaq, Prezidentin siyasətini layiqincə həyata keçirmək və xalqın etimadını qazanmaqdır.

Həmid Mehdiyev

Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
525.az

2Sources