EN

Əcnəbi ifadələrin işlədilməsi dilimizin saflığına xələl gətirir - AÇIQLAMA

Dil psixologiya ilə bağlı məsələdir. İnsan hansı dildə danışıb o dilin sözlərindən istifadə edirsə, bu dilin mənsub olduğu xalqın psixologiyasını özündə hiss edir. Bu baxımdan dilin qorunaraq gələcək nəsillərə saf bir şəkildə çatması çox böyük missiyadır və biz bunun öhdəsindən gəlməliyik. Dil məhz xalqların özünəməxsusluğu və immanentliyini ifadə edir.

Bu barədə sosioloq Üzeyir Şəfiyev Missiya.Az-a danışıb.

"Biz bu gün qloballaşan bir dünyada yaşayırıq və belə bir mühitdə istər-istəməz İnformasiya Kommunikasiya Texnologiyaları (İKT), sosial şəbəkələr və digər vasitələrlə dilimizə yad sözlər daha çox daxil olur. Bəzən də bizim toplumun qəribə bir xarakteri var ki, kənardan gələn şeylərə maraq çoxdur. Bu əslində bir tendensiyadır. Məsələn bir rus, ərəb yaxud avropalı ölkəyə gələrkən biz çalışırıq ki, onun dilində danışaq və onları öz dilimizda danışmağa təşviq etmirik. Əfsuslar olsun ki, belə bir yanaşma da mövcuddur və bu dilin qorunması baxımından heç də yaxşı deyil. Məsələn, bəzi məhsullar varki, xaricdə istehsal olunur və tamamilə yeni istehsal olunan məhsullardır. Şübhəsiz ki, belə məhsullarda xaricdən gələn kəlimələri istifadə etməyə məcburuq. Məsələn, kompüter kəliməsi. Düzdür bunun analoqunu tapırlar bilgəsayar deyirlər və sair".

Sosioloqun sözlərinə görə, elə əşya adı da var ki, onu Azərbaycan dilinə çevirmək çətindir və öz dilində istifadə edirik. Amma bəzən də olur ki, baxmayaraq ki, bu ifadələr dilimizdə var, biz onu özünü göstəriş xarakterli əcnəbi sözlərlə işlədirik. Bu baxımdan belə ifadələrin yerinə öz sözlərimizi işlətsək daha yaxşı olar, çünki bizim dilimiz olduqca zəngin və genişdir.

"Ölkə başçımız Cənab İlham Əliyev də Elmlər Akademiyasındakı çıxışında buna xüsusi həssaslıqla yanaşıb. Çünki dil bir millət və dövlət üçün həm də strateji bir məsələdir. Milli kimlik və özünəməxsusluğun ən böyük ifadəsi məhz onun milli dilidir. Biz mətbuatda, kütləvi informasiya vasitələrində və əfsuslar olsun ki, hətta bədii ədəbiyyatda əcnəbi ifadələrin vətəndaşlıq qazanmasına cəhdlər görürük. Halbuki, buna ehtiyac belə yoxdur və o sözün analoqu dilimizdə var. Təəssüf ki, bəzi yazarlar buna diqqət etmirlər və bu şəkildə istifadəni oxucularda təqlid edir. Beləcə, əcnəbi sözlər Azərbaycan dili leksikonuna daxil olmağa fürsət tapır. Hesab edirəm ki, bu məsələdə həm vətəndaşlar, həm müvafiq qurumlar, eləcə də söz yaradıcıları, jurnalistlər, yazıçı və şairlər diqqətli olmalıdırlar. Çalışılmalıdır ki, Azərbaycan dilinin zəngin imkanlarından istifadə edilsin, çünki bir zamanlar bizim dilimiz bütün Cənubi Qafqazda ümumişlək bir dil idi və məhz Azərbaycan dili vasitəsi ilə rus yazıçı və şairlərinin də etiraf etdiyi kimi bütün Qafqazda gəzib-dolaşmaq olardı. Çalışaq ki, dilimizin qüdrətini saxlayaq və dilimizə əcnəbi ifadə və kəlimələrin daxil olmasına bir qədər həssas yanaşaq. Orta və ali məktəblərdə pedoqoqların da öhdəsindədir ki, Azərbaycan dilini vətəndaşlarımıza sevdirsinlər, yad təsirlərdən qorusunlar. Bizi biz edən həm də bizim milli dilimizdir. Çünki bu dil bizi birləşdirən ümumi sərvətdir, bu sərvəti şərəf və ləyaqətlə qorumaq və gələcək nəsllərə çatdırmaq zəruridir".

İlahə Qənbərli

Missiya.Az

Chosen
138
missiya.az

1Sources