EN

Paşinyan bəzi anklavlarla bağlı Azərbaycana güzəştə hazır olduğunu bildirdi...


Afsəddin Nəbiyev: “Ermənistan anlamalıdır ki, güzəştlər müəyyən bir həddə qədər mümkündür”

Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb. Paşinyan bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq: “Heç kim Ermənistan xalqının iradəsinə qarşı başqa ssenari ilə gedə bilməz. Bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan baş verə bilməz”.

Bundan əvvəl noyabrın 11-də Ermənistan parlamentinin Xarici Siyasət Məsələləri Komitəsinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan sədri Sarkis Xandanyan da Azərbaycanla ərazi mübadiləsindən danışıb: “Anklav məsələsi hazırda mövcuddur. Lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir”.

Bir sözlə, görünən odur ki, Ermənistan tərəfi anklavların ərazi mübadiləsi yolu ilə həllində maraqlıdır.

“Rəsmi Bakı Başkənd məsələsinə İrəvanın iddia etdiyi kimi hüquqi anklav kimi baxmır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Ermənistan rəhbərliyinin son açıqlamaları, xüsusən də Paşinyanın delimitasiya çərçivəsində ərazi mübadiləsi haqqında vətəndaşların mövqeyinə istinad etməsi və parlament nümayəndəsinin anklav məsələsini delimitasiya çərçivəsində həll etməyə çağırması bu məsələdə Ermənistanın qeyri-konstruktiv yanaşmasının davam etdiyini göstərir: “Erməni tərəfi ərazi mübadiləsi təklif edərək, Azərbaycanın anklav kəndləri ilə yanaşı, Azərbaycanın Gədəbəy rayonunda yerləşən və 1992-ci ildə azad edilmiş Başkənd ərazisini də müzakirə predmeti kimi saxlamağa çalışır. ​Bu yanaşma beynəlxalq hüquqa və mövcud reallığa ziddir. Azərbaycanın mövqeyi isə tamamilə aydın, hüquqi və prinsipialdır.​ Azərbaycanın Qazax rayonunun bir neçə kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Bu kəndlərin, xüsusən də anklav statuslu olanların, Ermənistanın işğalından dərhal və qeyd-şərtsiz azad edilməsi zəruridir. Onlar heç bir ərazi mübadiləsinin mövzusu ola bilməz. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, anklav kəndlər Azərbaycanın ərazi bütövlüyünün ayrılmaz hissəsidir. Bu kəndlər Ermənistan ərazisi ilə əhatə olunsa da, onların suveren mənsubiyyəti birmənalıdır. ​Ermənistanın anklav kimi irəli sürdüyü Gədəbəyin Başkənd kəndi isə 1992-ci ildə Azərbaycan tərəfindən işğaldan azad edilib və bu, hər hansı bir danışıq predmeti deyil. Rəsmi Bakı Başkənd məsələsinə İrəvanın iddia etdiyi kimi hüquqi anklav kimi baxmır. ​Azərbaycan regionda sülhün və təhlükəsizliyin bərqərar olunması kimi ali məqsədi rəhbər tutaraq, Ermənistana qarşı işğal dövründə vurduğu yüz milyardlarla dollarlıq zərərin təzminatı tələbini minimuma endirməklə və ya ümumiyyətlə irəli sürməməklə böyük güzəşt nümayiş etdirib. ​Təəssüf ki, Ermənistan tərəfi bu sülhpərvər və konstruktiv yanaşmadan sui-istifadə etməyə, maksimum yararlanmağa çalışır. Ərazi mübadiləsi təklifləri, anklav məsələsində Azərbaycanın hüquqi mövqeyini görməzdən gəlmə cəhdləri məhz bu xam xəyalların məhsuludur. Ermənistan anlamalıdır ki, güzəştlər müəyyən bir həddə qədər mümkündür. Azərbaycanın torpaq bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı beynəlxalq hüquqla təsbit olunmuş məsələlərdir və burada hər hansı geri çəkilmə və ya ərazi mübadiləsi qətiyyən mümkün deyil. Ermənistanın sülhə nail olmaq və regionun inkişafından faydalanmaq üçün yeganə çıxış yolu mifik iddialardan və tarixi təsəvvürlərdən imtina edib, mövcud real Ermənistana qayıtmaqdır. ​Erməni cəmiyyəti öz dövlətlərinin hazırkı sərhədlərinin məhz Azərbaycanla aparılan güzəştli danışıqların nəticəsi olduğunu dərk etməlidir. ​Anklav kəndlər daxil olmaqla, Azərbaycan ərazilərini qeyd-şərtsiz qaytarmaq, delimitasiya və demarkasiya proseslərində beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqe tutmaq Ermənistanın gələcəyi üçün həyati əhəmiyyət daşıyır. ​Yalnız beynəlxalq hüquqa və reallığa əsaslanan münasibətlər regionda davamlı sülh və təhlükəsizlik təmin edə bilər. Bu isə, ilk növbədə Ermənistanın özünün xeyrinədir”.

Vidadi ORDAHALLI

Chosen
22
baki-xeber.com

1Sources