EN

Ukrayna “Neptun”ları Rusiyanın strateji obyektlərini darmadağın etdi

14 noyabr gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarındakı Novorossiysk dəniz bazasına və digər Rusiya hərbi obyektlərinə zərbə endirmək üçün “Neptun” raketlərindən istifadə edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib: “Şesxaris limanında və neft terminalında qiymətli infrastruktur obyektlərinə, eləcə də S400 hava hücumundan müdafiə sistemindən buraxılan raketə və raket saxlama məntəqəsinə zərbələr endirilib. Zərərin miqdarı müəyyənləşdirilir”.

Baş Qərargah vurğulayıb ki, “Şesxaris” terminalı Rusiyanın cənubunda neft və neft məhsullarının daşınması üçün ən böyük neft terminallarından biridir. Bu terminal Ukraynada döyüş əməliyyatları aparan təcavüzkar dövlətin silahlı qüvvələrinə dəstək vermək üçün istifadə olunur. Baş Qərargah Rusiyanın Saratov vilayətindəki Saratov neft emalı zavoduna da zərbə endirildiyini bildirib. “Hədəfin vurulduğu təsdiqlənib. Obyektdə partlayışlar və yanğınlar qeydə alınıb. Obyekt Rusiya işğal ordusunun təchizatı ilə məşğuldur”, – deyə bəyanatda qeyd olunub.

Baş Qərargahın məlumatına görə, daha bir zərbə Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhəri yaxınlığındakı Kristall Kombinat yanacaq və sürtkü yağları anbarının infrastrukturuna yönəlib. Hədəfin yaxınlığında partlayışlar qeydə alınıb, ardınca obyektdə yanğınlar baş verib. Baş Qərargah Ukrayna silahlarından, xüsusən də “Neptun” raketlərindən və müxtəlif növ hücum PUA-larından istifadə edildiyini qeyd edib.

//Samir Qurbanov, Editor.az

Chosen
24
editor.az

1Sources