Azərbaycan Basketbol Liqasının VII turunda "Naxçıvan" səfərdə "Sumqayıt"a 116:99 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, “Naxçıvan”ın baş məşqçisi Nikola Bozinoski “Sumqayıt” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. O, matçı belə şərh edib:

"Rəqib birinci periodda çox yaxşı performans sərgilədi. Biz də yaxşı mübarizə apardıq. İlk yarıda müdafiədə tam da inamlı çıxış etməsək də yekunda yaxşı oyun göstərdik. Birinci hissədə rəqib ribaundlarda üstünlük göstərdiyi üçün sürətli hücumlar təşkil edə bilmədik. Daha sonra isə sükanı ələ almağı bacardıq. Ardınca həm hücumda, həm də müdafiədə üstün oyun nümayiş etdirdiyimiz üçün sürətli hücumlarımız uğurla yekunlaşdı. Xüsusi olaraq yerli oyunçularımız Əlibəy və Əbdülmətin yaxşı performans sərgilədi. Onları bu qalibiyyətin əsas pay sahiblərindən biri olaraq görürəm. Səhvlərimizi analiz edib növbəti matçlarda təkrarlamamağa çalışacağıq".