Daşkənddəki İslam Sivilizasiyaları Mərkəzində keçirilən “Mərkəzi Asiya:Ümumi mənəvi- maarifçilik irsi-ümumi gələcək” adlı Beynəlxalq konqres başa çatıb.
Tədbirin açılışına Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Mərkəzi Asiya ölkələrinin mədəniyyət nazirləri də qatılıb.
Noyabrın 14-də konqres öz işini bölmələr üzrə davam etdirib.
“Mərkəzi Asiyanın tarixi və mədəni irsi:Ümumi keçmiş, ümumi gələcək” bölməsində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Özbəkistanda 10-11-ci əsrlərdə yaranan birinci renessansın əsas yaradıcıları alimlər və elm xadimləri- Rumi, Əl-Buxari, Əl-Xarəzmi, İbn-Sina, Əl-Fərabi və digərləri olub. Bu intibah dövrü Azərbaycanda paralel şəkildə inkişaf edib. Dahi Azərbaycan şairi Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Fələki Şirvani kimi böyük şairlər, Əbülhəsən Bəhmənyar əl Azərbaycani və digər filosoflar Odlar yurdunun intibah dövrünü təmsil ediblər. Orta əsrlərdə Azərbaycan və Özbəkistanın fəlsəfi fikir tarixində böyük rol oynayan şəxsiyyətlərdən danışan İ.Həbibbəyli vurğulayıb ki, 19 əsr və 20-ci əsrin əvvəllərində ölkələrimizdə milli məktəblərin, teatrın açılmasında, ictimai fikrin inkişafında Azərbaycanda Molla Nəsrəddinçilər, Özbəkistanda cədidçilər, Qazaxıstanda Alaş-ordaçılar böyük rol oynayıblar.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev “Qarabağın İslam irsi Azərbaycandakı son arxeoloji tədqiqatlar kontekstində”, AMEA Abasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov “Mərkəzi Asiyada İpək Yolu:Sivilizasiyalar arasında körpü”, İçərişəhər Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru Azadə Hüseynova “Biruninin irsində tarixi məsələlər və müasirlik” mövzularında məruzələr ediblər.
“Qədim əlyazmalardan rəqəmsal arxivlərə: Mərkəzi Asiyada kitabxanaçılıq işinin keçdiyi yol” mövzusunda olan bölmə iclasında isə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Mədəni irsin qorunmasında Azərbaycan Milli kitabxanasının rolu”,” Böyük tarix, böyük gələcək-Mərkəzi Asiya və Azərbaycan rəssamlarının iştirakı ilə” bölmə iclasında Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini Ağəli İbrahimov, “Gənclik və rəqəmsal dövr: qədim əlyazmalardan süni intellektə” mövzusundakı bölmədə
Gənclər və İdman Nazirliyinin əməkdaşı Nigar Əzimova çıxış ediblər.
“Ədəbi dostluq - ədəbi dostluq: Yazıçıların “dəıyirmi masa”sı” bölməsində isə Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu və yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi iştirak ediblər. Onlar Beynəlxalq ədəbi əlaqələrin inkişafında Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı geniş məruzə ediblər. Məruzələrdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri:tərcümə işinin vəziyyəti, ədəbi əlaqələr ümumtürk ədəbi prosesin tərkib hissəsi kimi, ölkələrimizdə çap olunan ədəbi jurnalların və digər nəşrlərin kordinasiya olunması, janrlar üzrə ortaq ədəbi tədbirlərin keçirilməsi məsələlərinə toxunulub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd