Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Elə o vaxtdan digər azad edilmiş məkanlarda olduğu kimi, Ağdamda da abadlıq-quruculuq işlərinə başlanıldı. Bəli, otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş və beynəlxalq ictimaiyyətin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırdığı Ağdam yenidən qurulur. Artıq qısa zaman kəsiyində burada bir çox önəmli infrastruktur obyektləri istifadəyə verilməklə yanaşı, Xaçınçay su anbarı, həmçinin Ağdam-Bərdə yolu yenidən qurulub, Ağdam məscidi, “İmarət” Kompleksi bərpa edilib. Dəmiryol Vağzalının, Avtovağzalın və digər obyektlərin açılışları keçirilib. Dünyanın ən böyük Muğam Mərkəzi, Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb. Artıq Ağdam beynəlxalq tədbirlərə də ev sahibliyi edir. 2021-ci ilən may ayının 28-də Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi keçirilib.
Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da davam etməkdədir. Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdam rayonunda ümumilikdə 944 ailə, 3 min 818 nəfər sakin məskunlaşıb. Bu rayonun 3 kəndinə də (Xıdırlı, Kəngərli və Sarıcalı) də keçmiş məcburi köçkünlər köçürülüblər. Bu məkanlarda da onların rahat yaşayışı üçün hər cür şərait yaradılıb. 2 kənddə isə (Eyvazxanbəyli və Baş Qərvənd) isə tikinti işlərinə başlanılıb. 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçü təmin ediləcək. Baş plana əsasən, 2040-ci ilə qədər şəhərdə təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur. Bu isə o deməkdir ki, Ağdam şəhəri regionun ən böyük şəhərlərindən biri olacaq.
Şübhəsiz, bu proseslərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçımız son 5 ildə bu məkana səfərlərinin sayı 20-yə yaxındır. Hər səfər də onlarla obyektin bünövrəsinin qoyulması və istismara verilməsi ilə yadda qalıb. Məsələn, iyulun 18-də dövlətimizin başçısı bu rayonda olarkən “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbinin, 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin bərpadan sonra açılışlarında iştirak edib.
Bəli, Ağdam məhz Müzəffər Ali Baş Komandanın iradəsi sayəsində hər gün simasını dəyişir, gözəlləşir. Bu mənada Ağdamın hər qarışında Prezident İlham Əliyevin quruculuq imzaları görünür. Bu məqamda dövlət başçımızın bir çıxışındakı bu fikirləri xatırlatmaq yerinə düşər: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək”. Bu gün əminliklə söyləyə bilərik ki, ermənilərin talayıb-dağıtdığı Ağdamın əvvəlki şöhrəti tezliklə bərpa olunacaq və o, Qarabağın sənaye mərkəzinə çevriləcək.
Halbuki Ağdam mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, hətta bir dənə də salamat bina qalmamışdı. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən demişdir: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb”. Onun da belə qalması ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər.
İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü. Şübhəsiz, bütün bunlar dövlətimizin erməni işğalçılarının 27 il ərzində viran qoyduqları bir məmləkətdə quruculuq işlərinə necə önəm verdiyinin daha bir bariz nümunəsidir. Son illərdə Ağdamda həyata keçirilən bərpa işləri həm də Azərbaycanın gücünü və qətiyyətini göstərir.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Qvami Məhəbbətoğlu, “İki sahil”