EN

Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadanın final mərhələsində iştirak ediblər

Vaşinqton, 15 noyabr, AZƏRTAC

Noyabrın 6-dan 12-dək Amerika Birləşmiş Ştatlarında “Dünya Alimləri Kuboku” (“World Schoolar’s Cup”) Beynəlxalq Olimpiadasının final mərhələsi olan çempionlar turniri keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, 70-ə yaxın ölkənin nümayəndələrinin qatıldığı çempionlar turnirində ölkəmizi Avropa Azərbaycan Məktəbinin 14 nəfərdən ibarət komandası təmsil edib. Şagirdlər bu il Bakı, eləcə də Dubay və Malayziyada keçirilən qlobal raundlar daxil olmaqla bir neçə mərhələdən keçərək bu akademik tədbirdə iştirak üçün vəsiqə qazanıblar.

Azərbaycan komandası noyabrın 6-sı Yel Universitetində keçirilən turnirin açılış mərasimində, habelə Massaçusets və Harvard Universitetlərinə səfərlərdə iştirak edib.

Avropa Azərbaycan Məktəbinin olimpiada koordinatoru Gülzar Abbasbəyli olimpiadanın bir çox raundlarında uğurlu nəticə əldə edərək finala vəsiqə qazanan azərbaycanlı şagirdlər üçün ABŞ-a səfər etmək, eləcə də buradakı nüfuzlu universitetləri ziyarət etməyin həvəsləndirici rolu və onların gələcək təhsil planlamaları baxımından əhəmiyyətindən bəhs edib. Şagirdlərin uğurlarının ümumilikdə ölkəmizin, eyni zamanda Avropa Azərbaycan Məktəbi üçün xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Noyabrın 10-da çempionlar turniri çərçivəsində Yel Universitetində təşkil olunan mədəni sərgidə Azərbaycan komandası tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və mətbəxinə həsr olunmuş xüsusi guşə yaradılıb. İki gün sonra isə çempionlar turnirinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasiminin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin diplomatları Ayxan Əliyev və Nigar Eyvazzadə Azərbaycan komandasını salamlayıb, onları beynəlxalq olimpiadada qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Bu kimi müsabiqələrin şagirdlərin akademik biliklərini sınadığı platforma olmaqla yanaşı, müxtəlif ölkələrdən nümayəndələrin arasında dostluq, qarşılıqlı anlaşma və həmrəyliyin qurulmasına töhfə verdiyi bildirilib. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin daim söylədiyi kimi ölkəmizin gələcəyi olan gənclərə bundan sonrakı fəaliyyətlərində yeni uğurlar arzu edilib.

Daha sonra tədbir mükafatlandırma mərasimi ilə davam etdirilib. Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri Mələk Tağızadə, Şəmsəddin Orucov, Nərgiz Mehdisoy kubokla, Ziya Məsimov, Məhəmməd Zalov, Fəxri Mehdiyev, Mətin Məmmədzadə, Canan Hümmətova və Ziya Səlimov qızıl medalla, Vidadi Əhmədzadə, İsrayıl Əliyev, Emin Müzəffərov, Leyla Məmmədova, Murad Mehdiyev isə gümüş medalla təltif olunub.

Akademik, liderlik və mədəni mübadilə proqramı olan “Dünya Alimləri Kuboku” iştirakçıların debat, yazı və komanda tapşırıqları mərhələlərində iştirak edərək öz kommunikasiya və tənqidi düşüncə bacarıqlarını sınadığı platformadır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Chosen
56
1
azertag.az

2Sources