15 yaşında evdən qaçaraq işləməyə başlayan Fatimə uzun müddət müxtəlif ünvanlarda yerləşən kafelərdə ofisiant olaraq işləyib. 18 yaşından sonra Elçin adlı şəxslə birgə yaşayıb və onların ailə mühitində də zorakılıq halları baş verib.
Elçinin narkotik istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunmasından sonra Fatimə yeni iş yerində Əsmər adlı qadınla tanış olub və həmin şəxsin evinə köçüb. Bu müddətdə hamilə qaldığını öyrənib və 2021-ci ildə qızı dünyaya gəlib.
Uşağın doğumundan sonra uzunmüddətli iş rejimi səbəbindən Mələk bir neçə ay Almaz adlı qadının evində qalıb. Daha sonra azyaşlı başqa dayənin- Samirənin yanına verilib. Fatimə uşağına baxdığına görə Samirə adlı qadına gündəlik 20 manat ödəniş edirmiş.
Fatimənin dediyinə görə, qızı Samirənin evində olduğu müddətdə onun qidalanma və davranış problemləri yaranıb. Buna görə də Samirə ilə onun arasında gərginliklər yaranıb. Fatimə deyib ki, buna görə uşağı cəzalandırmağa başlayıb.
Azyaşlı yemək yemədiyi üçün anası tərəfindən işgəncələrə məruz qalıb. Fatimə iddia edib ki, qızının yemək yeməməsinin səbəbi Samirə adlı qadın olub. Onun sözlərinə görə, Samirə onun qızını övladlığa götürmək istəyib, lakin o, bununla razılaşmayıb. Fatimə deyib ki, Samirə adlı qadın qızına yemək yeməməsini tapşırıb.
Fatimə qızını döydüyünü etiraf etsə də, onun bədənini yandırmadığını söyləyib. Bildirib ki, qızı Samirənin evində qaldığı zaman qızı qotur xəstəliyinə tutulduğu üçün bədənində yaralar əmələ gəlib və həmin izlər də həmin xəstəlikdən sonra yaranıb.
Azyaşlının ifadəsi...
Azyaşlı zərərçəkmiş qismində psixoloqun müşayiəti ilə ifadə verən zaman bildirib ki, anası onu mütəmadi olaraq kəmər, dəmir dabankeş və kəfkirdən istifadə edərək döyüb. Qulağına isti su töküb, saçından dartaraq təhqiramiz davranışlar edib, gecələr tək ayaq üstə saxlayıb.
Azyaşlının ifadəsindən məlum olub ki, onun bədənindəki siqaret yanıqları anası ilə birgə yaşayan Roma adlı şəxs tərəfindən edilib. Azyaşlı həmçinin ifadəsində bildirib ki, anası ilə yaşayan Roma adlı şəxs ona zorakılıq barədə danışmasını qadağan edib, danışacağı təqdirdə onu döyməklə hədələyib.
Azyaşlının işgəncələrə məruz qalmasını əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılmasının təfərrüatı da məlum olub.
Belə ki, Fatimə Ramazanova qızına işgəncələr verdiyi, tək ayağı üstə saxladığı videogörüntünü Samirə adlı qadına göndərərək baş verənlərin günahkarı kimi onu göstərib. Fatimə Samirə adlı qadına deyib ki, uşağının yemək yeməməsinin səbəbi odur və buna görə də əsəbləşərək qızına qarşı bu davranışları edir.
Azyaşlı gecələr çığıraraq yuxudan oyanırmış...
"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə isə ifadəsində bildirib ki, azyaşlı onların sığınacağına gətirilən zaman ilk günlər danışmaqdan imtina edib, bədənindəki xəsarətlər səbəbindən 2 ay ərzində ona toxunmaq belə mümkün olmayıb.
Sığınacaq rəhbəri əlavə edib ki, azyaşlı gecələr çığıraraq yuxudan oyanıb, uzun müddət anasının yanına qaytarılacağı qorxusu ilə yaşayıb.
Fatimə analıq hüququndan məhrum ediləcək...
Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi isə bildirib ki, Fatimə Ramazanovanın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət olunub. İş hazırda Suraxanı Rayon Məhkəməsindədir.
Məhkəmə hökmünə əsasən Fatimə Ramazanova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd: Azyaşlının bu fotoları sığınacağa yerləşdirildiyi ilk gündə (bu ilin mart ayının əvvəlində) çəkilib.
