EN

Bakı məktəbliləri arasında velosiped yarışı keçirilib - FOTO

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərinin məktəbliləri arasında velosiped yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AzVİF-in mətbuat xidməti məlumat yayıb.

2 gün davam edən yarışda hər birinin tərkibində 2 qız və 2 oğlan velosipedçi olan 22 məktəbin komandası iştirak edib.

İlk yarış günündə keçirilən təsnifat mərhələsindən sonra ən yaxşı vaxt göstəricisinə malik 8 komanda müəyyənləşib. Növbəti gün isə 1/4, yarımfinal və final mərhələsi ilə yarışa yekun vurulub.

Səbail rayonu 236 saylı orta məktəbin şagirdləri finalda həmin rayonun 85 saylı orta məktəbindən olan rəqiblərini məğlub edərək çempion olublar. Pirallahı rayonu 186 saylı orta məktəbin şagirdləri isə üçüncü yerə layiq görülüblər.

Fərqlənən komandalar medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Bundan başqa, çempion komandanın bütün üzvlərinə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov mətbuat nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə velosiped idmanına maraq oyatmaq, onların arasından istedadlıları üzə çıxarmaq və peşəkar idmana cəlb etməkdir.

İdman.Biz

Chosen
15
8
idman.biz

9Sources