"Qərbi Azərbaycan İcması olaraq, əsas hədəfimiz soydaşlarımızın öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir".
"Unikal" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli deyib.
"Təəssüf ki, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir. Bilirsiniz ki, Vaşinqton görüşündən sonra erməni mediası belə bir fikir yaymağa çalışdı ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandırır, Azərbaycan Qərbi Azərbaycana qayıdış iddiasından imtina edir. Onlar bu yalan və özlərinə sərf edən fikri ictimai rəyə sırımağa cəhd göstərirdilər. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında etdiyi tarixi çıxış isə erməni mediasının və siyasətçilərinin yaydığı bu ziyanlı, yanlış, qərəzli iddiaları tamamilə darmadağın etdi. Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan etdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi davam edəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar, çünki bu onların tarixi, mənəvi və hüquqi haqqıdır",- deyə Ə. Ələkbərli bildirib.