EN

Qazaxda “Anam Kəlağaydı, kəlağay anam” adlı kitabın təqdimatı keçirilib

14 noyabr 2025-ci il tarixdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Qazax rayon MKS-in  birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində “Anam Kəlağaydı, kəlağay anam” adlı kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı ev Muzeyinin direktoru, şair, publisist Güllü Eldar Tomarlı qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 Söz Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayon nümayəndə v.m.i.e. Ceyhunə Hüseynovaya verildi. O, çıxışında qeyd etdi ki, kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olub, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynayıb. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, qırmızı, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək  kimi adətlərimiz buna nümunədir. 

Tədbirdə çıxış edən Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva Güllü xanım Tomarlıya Qazax MKS-də keçirilən tədbirə və gənc nəslə Kəlağayının qorunub yaşadılmasında, milli ruhun, mədəniyyətimizin, vətən sevgisinin təcəssüm etdirilməsində göstərdiyi xidmətlərinə görə dərin təşəkkürünü bildirdi. 

Tədbirdə şairə Gülsənəm Cəlili, gənc şairə Arzu Həsənova,  Şəhid anası Xatirə ana, Güləndam Dağlarqızı, aşıq Osman İncəli, Qazaxbəyli kənd kitabxana filialının müdiri Sevinc Alməmmədova, Mədəniyyət Mərkəzinin metodisti Zülfiyə Mürsəlova çıxış etdilər.

Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, milli qadın geyimlərinin bir qolunu təşkil edən kəlağayımızın geniş təbliğ etməkdə məqsədimiz  onun əzəlki şan - şöhrətini özünə qaytarmaq, tarixi, istehsalı, istifadəsi  haqqında gənc nəsli maarifləndirmək, beynəlxalq səviyyədə çatdırmaqdır. Beləliklə,  Noyabrın 26 Kəlağayı Günüdü.  Bu münasibətlə 26 Noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında final konsertimiz- "Kəlağayı Bayramı" nı qeyd edəcəyik.

Məqsədim 26 Noyabr - Azərbaycan Kəlağayısı Gününün "Kəlağayı Bayramı" kimi hər yerdə qeyd olunmasına nail olmaqdı və gündəmdə saxlamaqdı. Milli dəyərlərimiz o qədər möhtəşəmdir ki, qoruyaq, təbliğ edək.

Sonda Güllü Eldar Tomarlı tədbirə zəhməti keçən hər kəsə və tədbir iştirakçılarına təşəkkürünü bildirib və xatirə şəkli çəkildi.

Chosen
24
ikisahil.az

1Sources