EN

Alimlər əsrlər boyu Maya astronomlarının günəş tutulmalarını necə proqnozlaşdırdıqlarını müəyyən ediblər.

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tədqiqatçılar Mayya sivilizasiyasının əsrlər boyunca Günəş tutulmalarını yüksək dəqiqliklə necə proqnozlaşdıra bildiyini izah ediblər. Yığılan astronomik qeyri-dəqiqlikləri düzəltmək üçün onlar bir-birini kəsişdirən mürəkkəb təqvim cədvəlləri sistemindən istifadə edirdilər.

Mərkəzi Amerikada mövcud olmuş Mayya sivilizasiyası astronomiya və riyaziyyat sahəsindəki dərin bilikləri ilə tanınır. Onlar dəqiq təqvimlər yaratmış və səma hadisələri barədə ətraflı qeydlər aparmışdılar. Bu günə qədər qorunan ən məşhur sənədlərdən biri tutulmaların proqnozu üçün hazırlanmış və 405 ay dövrünü əhatə edən Drezden kodeksidir.

Uzun müddət tədqiqatçılar bu cədvəlin daxili strukturunu və onun əsrlər boyu dəqiqliyini təmin edən mexanizmi tam izah edə bilmirdilər. Mövcud fərziyyəyə görə, cədvəlin uzunluğu yalnız tutulma dövrləri ilə bağlı idi.

Yeni elmi işin müəllifləri bu fikri təkzib edərək, Mayya astronomik metodlarına dair çatışmayan detalları üzə çıxarıblar. Alimlər Drezden kodeksindəki tutulma cədvəlinin strukturunu təhlil ediblər. Nəticələr Science Advances jurnalında dərc olunub.

Riyazi modelləşdirmə və statistik üsullardan istifadə edən tədqiqatçılar göstəriblər ki, cədvəlin 405 ay dövrü — yaxud 11 960 gün — təsadüfi seçilməyib. Bu zaman intervalı Mayya sivilizasiyasının 260 günlük müqəddəs təqviminin 46 dövrü ilə demək olar ki, tam üst-üstə düşür. Tutulmaların proqnozu modeli isə birbaşa ay fazalarının izlənməsindən və müxtəlif təqvimlərin uyğunlaşdırılması sistemindən yaranıb.

Tədqiqat, həmçinin bu proqnozların uzunmüddətli dəqiqliyinin sirrini də açıb. Əvvəllər hesab olunurdu ki, Mayya kahinləri bir cədvəl bitdikdə, sadəcə, yenisini tərtib edirdilər. Əslində isə onlar cədvəlləri bir-birinin üzərinə “köçürmə” üsulundan istifadə edirdilər. Yeni cədvəli əvvəlkinin son tarixindən başlamaq əvəzinə, əvvəlki cədvəlin sonundan 223 və ya 358 ay geri çəkilərək yeni başlanğıc nöqtəsi müəyyən edirdilər. Bu metod zamanla yığılan astronomik xətləri düzəltməyə imkan verirdi.

Hipotezi təsdiqləmək üçün tədqiqat qrupu modeli tarix boyu müşahidə olunmuş real Günəş tutulmalarının bazası ilə müqayisə edib. Analizdə eramızın 350–1150-ci illəri arasında Mayya ərazilərindən görünən bütün tutulmalar nəzərə alınıb. Modelləşdirmə göstərib ki, təklif olunan üst-üstə düşən cədvəllər sistemi 700 ildən artıq müddətdə bütün görünən Günəş tutulmalarını dəqiq proqnozlaşdırmağa imkan verib.

Beləliklə, Mayya tutulma cədvəli, əslində, ay dövrlərini izləyən ümumi təqvim kimi fəaliyyət göstərir və müqəddəs 260 günlük tsikllə sinxronlaşdırılmışdı. Uzunmüddətli dəqiqlik isə, sadəcə, tsikllərin təkrarı ilə deyil, cədvəllərin bir-birinə periodik şəkildə “bağlanması” ilə əldə edilirdi.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
2
xalqqazeti.az

3Sources