EN

“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib

Bakı, 15 noyabr, AZƏRTAC

“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib.

SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatların miqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas rol oynaması, eləcə də idarəetmə proseslərində korporativ standartların yüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqin artırılmasını təmin edib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.

Qeyd olunub ki, son illərdə enerji bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsi ilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyat dayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyi bu nəticələrin əldə olunmasına imkan yaradıb. S&P tərəfindən verilmiş “sabit” proqnoz SOCAR-ın mövcud maliyyə göstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli və uzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanı əks etdirir.

Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidlik səviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadın yüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasının səmərəliliyini təsdiqləyir. Bu kompleks tədbirlər nəticəsində şirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq “investisiya oluna bilən səviyyə” kredit reytinqinə (BBB -Fitch Ratings və Baa3 - Moody’s) layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapital bazarlarında maliyyə sabitliyinin və etibarlılığının göstəricisidir.

Alternativ maliyyə resurslarına çıxışı asanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiya fondları ilə əməkdaşlıq etməyi, həmçinin “Yaşıl” və “dayanıqlı” maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCAR Xəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarları üzrə MSCI şirkəti tərəfindən BBB ilkin reytinqi əldə edən ilk şirkətdir. Bu reytinq SOCAR-ın əksər milli neft şirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunu göstərir. Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə də yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır.

Qeyd edək ki, “S&P Global Ratings” qlobal kapital bazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətin reytinqləri investorlar və maliyyə institutlarının qərarları və borclanma planları üzərində birbaşa təsirə malikdir. Mövcud BB reytinqi, ötən səkkiz il ərzində SOCAR üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.

Chosen
15
14
azertag.az

10Sources