EN

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən beynəlxalq konqresdə iştirak edir

Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.

Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil olunub.

Açılış nitqi söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov dost ölkələri bir araya gətirən beynəlxalq konqresin əhəmiyyətini qeyd edib, tədbirin və Nazirlər Konfransının ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan tərəfini bu mötəbər beynəlxalq tədbirə dəvət etdiyinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən nazir, son illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında etibarlı körpü olan mədəniyyət sahəsində də əməkdaşlıq ildən-ilə dərinləşir. "Həm ötən il, həm də bu il qardaş ölkələrimizin mədəni həyatı üçün çox əlamətdar olub. Qarşılıqlı mədəniyyət günləri, beynəlxalq festivallarda iştirak, bədii kollektivlərin səfərləri, elm və təhsil qurumları, yaradıcılıq təşkilatları arasında əməkdaşlığın genişlənməsi, çoxəsrlik mədəni zənginliklərimizin təbliği - bütün bunlar əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Ölkə rəhbərlərimizin müvafiq sahələr üzrə qarşıya qoyduqları vəzifələrin, verilən tapşırıqların icrası ilə bu istiqamətdə yeni parlaq səhifələr yazacağımıza inanıram", - deyə nazir əlavə edib.

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev çıxış ediblər.

Nazirlər ölkələrimiz arasında mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb, əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərindən danışıblar.

Chosen
8
8
ikisahil.az

10Sources