EN

Tramp da avtoperodan istifadə edir? – Nazirlik eyni imzalı sənədləri saytdan sildi

ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Trampın imzasının təkrarlandığı sənədləri dəyişib.

Musavat.com Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, eyni imzalar olan əfv sərəncamları nazirliyin saytında yeniləri ilə əvəz olunub. Söhbət 7 noyabrda verilmiş bir sıra əfv sərəncamlarından gedir. Sosial media istifadəçiləri qeyd ediblər ki, Trampın bir neçə sənəddəki imzaları eyni görünür. Agentliyə rəy bildirən sənəd mütəxəssisləri bir neçə imzanın eyni olduğunu təsdiqləyiblər. Onlayn müzakirələr başladıqdan qısa müddət sonra Tramp administrasiyası artıq dərc edilmiş əfv sərəncamlarını yeniləri ilə əvəz etmək qərarına gəlib. Ədliyyə Nazirliyi Ağ Ev prezidentinin hər bir sərəncamı şəxsən imzaladığını iddia edərək onların yenidən dərc olunmasını texniki nasazlıqla əlaqələndirib.

Qeyd edək ki, Tramp dəfələrlə sələfi Co Baydenin sənədləri özü imzalamadığını və ətrafının avtoqələmdən istifadə etdiyini iddia edib. O, həmçinin Baydenin qohumları da daxil olmaqla təxminən 2500 şəxsin əfv sərəncamlarının etibarsız olduğu fikrini bildirib, bunu onların keçmiş prezidentin xəbəri olmadan avtoqələmlə imzalanması ilə əsaslandırıb.

Bundan əvvəl Bayden The New York Times qəzetinə verdiyi müsahibədə etiraf edib ki, onun adından əfv sərəncamlarını imzalamaq üçün avtoqələmdən istifadə edilib. Lakin o, bütün əfv qərarlarının şəxsən özü tərəfindən verildiyini və sənədlər çoxsaylı olduğu üçün imzalanmasının avtoqələmdən istifadə tələb etdiyini vurğulayıb.

İyul ayında Ağ Ev keçmiş ABŞ prezidentinin avtoqələmdən istifadə etməsi ilə bağlı araşdırma başladıb.

 

Musavat.com

Chosen
58
musavat.com

1Sources