EN

Yığma üzvlərinin qiymətləndirilməsi

(10 ballıq şkala ilə)

Aydın Bayramov – 5,5
Şahruddin Məhəmmədəliyevin yoxluğunda Ayxan Abbasov da çətin seçim qarşısında qalmışdı. “Çərçivə”ni qorumağa namizəd göstərilən iki qapıçıdan heç biri komandasında əsas heyət üzvü sayılmırdı. Bu mənada Aydın Bayramov Rza Cəfərovdan bir addım öndə idi. Çünki Rəşad Sadıqov Aydının oyun təcrübəsi qazanması üçün ona şans vermişdi. Belədə klubunda etimad görməyən Rzanın millidə də ehtiyatda qalması təəccüb doğurmadı. Qollarda Aydının hanısa kobud səhvi olmasa da, xüsusi qurtarışlarını da vurğulaya bilmərik.

Elvin Bədəlov – 5,5
Elvin də oyunu ilə başqalarından fərqlənmədi. “Neftçi”nin müdafiəçisinin zəif təsir bağışlaması mübahisə doğurmamalıdı. Rəqibin cinahdan sürətli keçidlərinin qarşısında varlıq göstərə bilməyən Bədəlov hücumların təşkilinə də heç cür yardımçı ola bilmədi. Klubunda əsas heyət üzvü sayılan müdafiəçi yığmada etimadı doğrulda bilmədi.

Bəhlul Mustafazadə - 6,0
Bəhlul ilk yarıda az qala avtoqol müəllifi olacaqdı. Onun 24-cü dəqiqədəki tərs vuruşundan sonra ürəyimiz ağzımıza gəldi. Yaxşı ki, “çərçivə”yə doğru istiqamətlənən top tirin üstündən aşdı. Bu epizodu saymasaq, müdafiəçi milliyə kömək etmək üçün çox çalışırdı. Amma rəqibin vurduğu ikinci qol zamanı hava mübarizəsində uduzması həlledici oldu. Bu səhvi sonrakı dəqiqələrdə irəlidəki komanda yoldaşlarına kömək etməklə kompensasiya etməyə çalışan Bəhlulun belə cəhdləri də fayda vermədi.

Anton Krivotsyuk – 6,0
Oyunöncəsi mətbuat konfransında Azərbaycan dilində danışmasıyla gündəmə gələn müdafiəçi oyunu ilə alqış qazana bilmədi. Rəqib hələ ilk yarıda qapımıza iki dəfə yol tapıbsa, onda müdafiəçilərin hansı fədakarlığından danışa bilərik?! Ara-sıra irəli çıxan və fərdi keyfiyyətlərini nümayiş etdirməyə çalışan Krivotsyuk 2-ci hissədə bunun üzərinə aqressiv oyunu da əlavə edincə sarı vərəqə də aldı.

Abbas Hüseynov – 5,5
Heç “Qarabağ”ın heyətində də özünə yer edə bilməyən Abbasın İslandiyaya qarşı ilk dəqiqələrdən meydanda olması təəccüblü idi. Ayxan Abbasovun ona hansı keyfiyyətlərinə görə bu etimada layiq görməsi çoxlarına qaranlıq qaldı. Müdafiəyə kömək etməyi bacarmayan Hüseynov hücumların təşkilinə də dəstək verə bilmədi. Qəribədi ki, zəif oyununa rəğmən, əvəzlənənmədi, 90 dəqiqə meydanda oldu.

Rüfət Abbasov – 5,5
“Şamaxı”nın futbolçusu bu səviyyəli qarşılaşmalara hazır olmadığını millinin buraxdığı ilk qolda göstərdi. Məhz o, oyundankənar vəziyyəti pozdu. İlk hissədəki həyəcanını fasilədən sonra unutmağa çalışan gənc müdafiəçi iki dəfə uzaqdan zərbə ilə qapını yoxladı. Bu epizodların ikincisində qola yaxın olsaq da, rəqib qapıçı təhlükəni əngəllədi.

Emin Mahmudov (k) – 5,5
Kapitan yenə də “gəmini” erkən tərk etdi. “Neftçi”nin “Qarabağ”a qarşı keçirdiyi oyunda 45 dəqiqə meydanda olan Emin millinin heyətində İslandiyaya qarşı düz bir saat tab gətirdi. Fiziki cəhətdən axsayan kapitan əvvəlki formasından xeyli uzaqdı. Fiziki gücünün azlığı onun oyun qurucusu kimi fəallığını da aşağı salır. Komandanın “düşünən beyni” rolunu daşıya bilməyən kapitan beləcə milliyə də fayda verə bilmir.

Abdulla Xaybulayev – 6,0
Ayxan Abbasovun “tapıntısı” sayılan Abdulla bu qarşılaşmada da əlindən gələni etməyə çalışdı. Onun 12-ci dəqiqədə Nərimana ötürməsi xeyli baxımlı alınmışdı. Amma Axundzadə ötürməni qəbul edərkən ofsaydda idi. İstəkli görünən Abdulla “solo oynamağa” məcbur qaldığından tez yoruldu və rəqibin təzyiqi ilə üzləşincə “yoxa çıxdı”. Elə bu səbəbdən də baş məşqçi onu sona yaxın Anatoli Nuriyevlə əvəzlədi. Komanda yoldaşlarından fəallığına görə fərqlənsə də, faydalı iş əmsalı yüksək deyildi.

Toral Bayramov – 5,5
“Qarabağ”ın əsas heyətindəki yerini itirən Toral yığmada özünü ən yaxşı tərəfdən göstərməyə çalışdı. Şübhəsiz, meydanda ən çox can qoyanlardan və sona qədər mübarizə aparmağa çalışanlardan biri idi. Amma onun da xüsisi nəsə sərgilədiyini demək olmaz.

Xəyal Əliyev – 5,5
Xəyalın oyunu barədə də tərif söyləmək çətindi. Hər halda, Ayxan Abbasov nahaq yerə onu əvəzləmədi. Özü də Xəyalın əvəzinə meydan çıxan Rüfət Abdullazadə qısa müddətdə daha çox diqqəti cəlb etməyi bacardı. Bəlkə də bu, rəqibin hesabda öndə olması və bir qədər yorulduğuna görə təzyiqi azaltması ilə bağlı idi. İstənilən halda, fərdi oyuna çox həvəs göstərən də Xəyal da məğlub komandanın zəif bəndlərindən biri idi.

Nəriman Axundzadə - 6,0
“Qarabağ”ın hücumçusu 12-ci dəqiqədə toru silkələməyi bacardı. Amma Xaybulayevin incə ötürməsini qəbul edərkən oyundankənar vəziyyətdə idi. İlk yarıda qaçan, mübarə aparan Nəriman dəqiqələr irəlilədikcə bu keyfiyyətləri itirdi. Bir halda ki, rəqibin qapısına nəinki qol, heç tutarlı zərbə də vura bilməmişik, deməli, hücum potensialından da danışmağa dəyməz.

Rüstəm Əhmədzadə - 5,5
Toralı əvəzləyən Rüstəm oyuna fəal qoşuldu. Lakin artıq iş-işdən keçmişdi. Belədə onun da fəallığı yığmanı məğlubiyyətdən qurtarmaq üçün yetərli olmadı. Epizodların birində rəqibin “hədiyyəsindən” sonra topu tələm-tələsik qapıya vurmağa çalışdı. Zərbəsi qeyri-dəqiq olduğundan bu fürsət də “havaya uçdu”.

Rüfət Abdullazadə - 5,5
20 dəqiqədən bir qədər artıq meydanda olan Rüfət xoş təsir bağışladı. Hətta rəqib cərimə meydançasında ona qarşı kobud oynadığından komandamız penalti də qazana bilərdi. Təəssüf ki, həmin epizodda hakimin fiti susdu və Abdullazadənin də bu fəallığı nəticəsiz qaldı.

Ceyhun Nuriyev – qiymətsiz

Renat Dadaşov – qiymətsiz

Anatoli Nuriyev – qiymətsiz

AMAL

Chosen
42
1
football-plus.az

2Sources