EN

Azərbaycanın Mərkəzi Asiya platformasının tamhüquqlu iştirakçısı olması dövlətimizin xarici siyasətinin uğurlarından biridir

Bakı, 16 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycanın çoxvektorlu xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əlaqələr həmişə prioritet istiqamətlərdən biri olub. Xüsusilə Prezident İlham Əliyevin 2024-cü ilin fevralında yenidən seçilməsindən sonra inaqurasiya mərasimində “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməsi bu istiqamətə verilən strateji əhəmiyyəti bir daha göstərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi Mətin Məmmədli söyləyib. O bildirib ki, Mərkəzi Asiyanın beş dövlətindən dördünün türk respublikası olduğunu nəzərə alsaq, bu regionla əlaqələrin genişləndirilməsi Azərbaycanın əsas geosiyasi hədəflərinə tam uyğundur. Odur ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşününə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi dövlətimizin xarici siyasət uğurlarından biri kimi qiymətləndirilə bilər. Bu, Azərbaycan və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkanda birləşməsi istiqamətində mühüm strateji qərardır.

“Mərkəzi Asiya bizim üçün yalnız etnik, tarixi və mənəvi yaxınlıq səbəbindən deyil, həm də zəngin təbii sərvətlərə malik bir region olması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə 44 günlük Vətən müharibəsindən sonra artıq fəal regional gücə çevrilib və Mərkəzi Asiya ilə siyasi, iqtisadi və strateji əlaqələrini gücləndirməkdə maraqlıdır.

Azərbaycanı bu regionla bağlayan münasibətlər təkcə ikitərəfli kontekstdə deyil. Coğrafi mövqeyimiz ölkəmizi Cənubi Qafqazla Mərkəzi Asiya, hətta daha böyük Avrasiya məkanını birləşdirən mühüm körpüyə çevirir. Bu baxımdan Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının dərinləşməsi yalnız tərəflərə deyil, bütövlükdə regionun maraqlarına xidmət edir”, - deyə M. Məmmədli vurğulayıb.

Ekspertin sözlərinə görə, son illərin dinamizmi də bunu təsdiqləyir ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərlər edib, həmin ölkələrin liderləri də Bakıya səfərlərini intensivləşdiriblər. Bəzi Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında müttəfiqlik səviyyəsində, digərləri ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur. Bu gün qəbul edilən qərar regional inteqrasiyanın məntiqi davamı kimi çıxış edir.

Artıq Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid geosiyasi və geoiqtisadi məkana çevrilməkdədir. Bu proses həm region dövlətlərinin maraqlarını təmin edir, həm də daha geniş coğrafiyada – Avropa və Asiya arasında qarşılıqlı bağlılığı gücləndirir. Statistik göstəricilərə əsasən, Orta Dəhliz üzərindən yükdaşımalar sürətlə artır və Zəngəzur dəhlizinin açılması ilə bu rəqəmlər daha da yüksələcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dəhlizin Azərbaycan hissəsində işlər artıq tamamlanmaq üzrədir.

“Bütün bu proseslər onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya arasında inteqrasiya dərinləşir və bu tendensiyanı artıq geri çevirmək mümkün deyil. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan regional gələcəyin əsas dayaqlarından birinə çevrilməkdədir”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Chosen
18
1
azertag.az

2Sources