“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana son səfəri iki ölkə arasında münasibətlərin strateji mahiyyətini daha da gücləndirən mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevlə keçirdiyi görüşlər, imzalanan sənədlər, nümayəndə heyətləri arasında aparılan müzakirələr və bir sıra yeni layihələrin təqdimatı Azərbaycan-Özbəkistan əməkdaşlığının sürətlə genişləndiyini göstərdi”.
Bunu Hafta.az-a siyasi şərhçi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, Prezidentin müxtəlif obyektlərə, o cümlədən müasir istirahət və turizm kompleksinə ziyarəti isə ölkələr arasında humanitar, mədəni və turizm yönümlü əlaqələrin də getdikcə inkişaf etdiyini göstərən əlavə bir mesaj idi:
“Bu səfər təkcə ikitərəfli münasibətlərin cari vəziyyətini əks etdirmir, həm də regionda yeni əməkdaşlıq modelinin formalaşmasına işarə edir. Azərbaycan-Özbəkistan münasibətləri bu gün tam müstəqil siyasi kursun və qarşılıqlı etimadın nəticəsi kimi inkişaf edir. Hər iki ölkənin dövlət başçıları dəfələrlə bildiriblər ki, əlaqələrin genişlənməsi heç bir xarici gücün diktəsi və ya təsiri ilə deyil, iki xalqın ortaq tarixi, mədəni və strateji maraqlarına əsaslanır. Bu müstəqil yanaşma postsovet məkanında nadir əməkdaşlıq nümunələrindən biri kimi qiymətləndirilir və regionun gələcək geosiyasi xəritəsində xüsusi yer tutur”.
Ekspert qeyd edib ki, səfərin əhəmiyyətli tərəflərindən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidə edilən yeni dinamizmlə bağlıdır. Azərbaycan və Özbəkistan hazırda türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, vahid logistik və enerji məkanının yaradılmasına, eləcə də siyasi koordinasiyanın gücləndirilməsinə liderlik edən iki əsas ölkədir. “Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana səfəri “yeni iqtisadi zolağın” formalaşması istiqamətində atılan mühüm addımlardan hesab olunur. Həmin zolaq Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının kəsişmə nöqtəsində yerləşən ölkələrin vahid maraqlarını birləşdirir və Türk dünyasının iqtisadi güc kimi ortaya çıxmasını sürətləndirir. Azərbaycan və Özbəkistan arasında artan ticarət dövriyyəsi, birgə sənaye zonalarının yaradılması, qarşılıqlı investisiya təşəbbüsləri və logistika sahəsində əməkdaşlıq bu strateji tərəfdaşlığın iqtisadi dayaqlarını daha da möhkəmləndirir. Özbəkistanın məhsullarının Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanları genişlənir, Azərbaycanın enerji və nəqliyyat infrastrukturu isə Özbəkistan üçün əlverişli tranzit alternativinə çevrilir. Bu, iki ölkənin yalnız ikitərəfli münasibətlərinə deyil, həm də bütövlükdə Mərkəzi Asiya-Cənubi Qafqaz regionunun iqtisadi inteqrasiyasına güclü təkan verir. Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi əhəmiyyət kəsb edirsə, Özbəkistan üçün də Azərbaycan Qafqaza və Avropaya açılan strateji körpü rolunu oynayır”, -ekspert bildirib.
A.Hüseynov səfərin həmçinin regional sabitlik və təhlükəsizlik baxımından xüsusi önəm kəsb etdiyini deyib. Vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında son illərdə təhlükəsizlik sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib:
"Enerji infrastrukturlarının qorunması, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, terrorizm və ekstremizmlə mübarizə kimi məsələlərdə mövcud koordinasiya göstərir ki, iki ölkə yalnız iqtisadi sahədə deyil, həm də strateji və təhlükəsizlik məsələlərində bir-birinə dayaqlıdır. Bu əməkdaşlıq bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir və münaqişə risklərinə qarşı vahid reaksiyanı gücləndirir.
Prezident İlham Əliyevin Özbəkistana səfəri nəticə etibarilə həm siyasi, həm iqtisadi, həm də regional müstəvidə mühüm mesajlar verən kompleks hadisə kimi qiymətləndirilə bilər. Bu səfər Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi qardaşlıqdan strateji müttəfiqliyə doğru yüksəldiyini, Türk dünyasında yeni əməkdaşlıq nümunəsinin formalaşdığını və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında yeni geosiyasi xəttin meydana gəldiyini göstərir. Regionda iqtisadi güc balansının dəyişdiyi, yeni nəqliyyat və enerji marşrutlarının əhəmiyyət qazandığı indiki dövrdə Azərbaycan və Özbəkistanın yaxınlaşması həm iki ölkənin, həm də daha geniş regionun gələcək inkişafı üçün böyük perspektivlər vəd edir”.
Tahirə Qafarlı