EN

Viktor Osimhenin ürək parçalayan hekayəsi: “Futbol səfalətdən çıxmaq üçün yeganə yol idi”

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhenin UEFA-ya verdiyi xüsusi müsahibə futbolçunun indiyədək məlum olmayan həyat hekayələrini üzə çıxarıb.

Sarı-qırmızılıların dünya şöhrətli hücumçusu çətin uşaqlığı, ailəsinin yaşadıqları və İstanbulda gördüyü mənzərə ilə bağlı səmimi açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, UEFA-ya danışan Osimhen keçmişinə və “Qalatasaray”a gəlişinə dair təsirli məqamlardan söz açıb:

“Ailəm və özüm üçün etməli olduğumu etdim. İstanbula gələndə həyatımda belə bir şey görməmişdim. Klubun əməkdaşlarından biri mənə “Çölə çıxanda çoxlu insan görəcəksən” dedi. Mən də soruşdum: “Necə yəni? Məni gözləyən çoxlu azarkeş var?” Oraya çatanda inanılmaz mənzərəylə qarşılaşdım. Elə bil üzümə təzə bir meh vurdu”.

O, İstanbul təcrübəsinin “Qalatasaray”ın böyüklüyünü daha yaxşı anlamağa imkan verdiyini bildirib:

“Qalatasaray böyük klubdur, amma oraya daxil olmayınca nə qədər böyük olduğunu bilmirdim. Tökdüyün hər damla tərin bu forma üçün olduğunu anlamalısan! Sonda “Getmək istədiyim yer, indi isə olmaq istədiyim yer burasıdır” dedim”.

“Anam yatdı və bir daha oyanmadı”

Osimhen uşaqlıq illərindən danışarkən ən ağır xatirəsini gizlətməyib:

“Anam çox gənc yaşda vəfat etdi. Qardaşım zəng edib dedi ki, anam yatıb və bir daha oyanmayıb... Çox çətin idi. Futbol mənim və ailəmin səfalətdən çıxması üçün yeganə yol idi.”

Hücumçu böyüdüyü mühitin nə qədər ağır olduğunu da təsvir edib:

“Böyüdüyüm yerdə zibillik vardı. Dostlarımla ora gedib ayaqqabı axtarardıq. Sağ ayağa başqa, sol ayağa başqa marka ayaqqabı tapsaq, birləşdirib ertəsi gün oynamaq üçün istifadə edirdik.”

“Onu gördüm və gələcəyini anladım”

Osimhenin ilk məşqçisi Paul Erikeve onunla bağlı ilk təəssüratını belə xatırlayıb:

“Onu ilk dəfə 9-10 yaşlarında küçədə oynayarkən gördüm. Hər şeyi görən qartal gözlərimlə dərhal hiss etdim ki, gələcəkdə əla futbolçu olacaq. Onu akademiyama dəvət etdim və o, tarix yazdı”.

Bacısı: “O, döyüşçüdür”

Viktorun bacısı isə onun adının belə təsadüfi seçilmədiyini deyib:

“Anam onu dünyaya gətirəndə atam ona “Victory” adını verdi. O, möcüzə uşaq idi. İnsanlar bunu görmür, onun keçdiyi yolu bilmir. Onun nə qədər mübarizə apardığını da bilmirsiniz. Viktor əsl döyüşçüdür.”

“Böyük yerlərə gedəcəyəm, amma çox çalışmalıyam”

Osimhen gələcəklə bağlı hədəflərindən də danışıb:

“Gələcəkdə özümü böyük bir yerdə görürəm… Amma çox çalışmalıyam, hər gün özümü inkişaf etdirməliyəm. Əminəm ki, ora çatacağam. Anamın ölümü bu gün də məni yaralayır. Uğrunda fədakarlıq etdiyi şeylərin dadını çıxarmağa ömrü çatmadı…”

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
icma.az

2Sources