EN

İnsan oyandıqda davranış, xalq oyandıqda tarix dəyişir

Dirçəliş insan beyninin ən dərin qatlarında başlayan bir prosesdir. Tarixdə baş verən oyanışların psixologiyada qarşılığı var: bir gün insan sanki uzun yuxudan ayılır, dünyanı daha aydın görməyə başlayır. Milli Dirçəliş Günü də xalqa aid olan həmin o daxili oyanışın kollektiv izahıdır.

İnsanın içində dirçəliş başlayanda ilk dəyişən qorxudur. Beyində qorxuya cavab verən amygdala susmağa başlayır. Qorxu səsləri azaldıqca insan öz iç səsini daha aydın eşidir. Bu, “artıq heç nə əvvəlki kimi olmayacaq” hissinin başlanğıcıdır.

Düşünməyi idarə edən prefrontal korteks aktivləşir. İnsan birdən daha aydın düşünməyə, daha doğru qərarlar verməyə, hadisələri geniş çərçivədə görməyə başlayır. Dirçəlişin özəyi də məhz budur: şüurun yenilənməsi.

Motivasiya sistemində — dopamin dövranında — dəyişiklik yaranır. İnsan yenidən hərəkət etmək, yaratmaq, danışmaq, dəyişmək istəyir. Enerji artır, istək güclənir, passivlik yerini iradəyə verir. Dəyişməyin psixoloji gücü buradan gəlir.

Bu zaman beyində yeni sinir yolları formalaşır. Nevroplastiklik deyilən bu proses o deməkdir ki, insan öz “daxili proqramını” yeniləyir. Köhnə inanclar zəifləyir, yeni düşüncə modeli yaranır. Dirçəliş – beynin özünü yenidən qurmasıdır.

Tarixin böyük dönüş nöqtələri də bu mexanizmin kollektiv şəkildə baş verməsidir. 17 noyabr 1988-də baş verən oyanış, insanların düşüncə sistemindəki dəyişikliklərlə başlayıb, sonradan bütöv bir xalqın taleyinə təsir göstərdi. Qorxu modeli dağıldı, inam gücləndi, birlik hissi oyandı.

Dirçəliş güc qazanmaq deyil - gücün həmişə içində olduğunu dərk etməkdir. Dirçəliş həyatı dəyişdirmək deyil — dəyişə biləcəyinə inanmağın başlanğıcıdır. 

Bəli insan oyandıqda davranışını dəyişir,  Xalq oyandıqda isə tarixini.

Psixoloq: Lalə Natiq

Chosen
31
hit.az

1Sources