EN

Paşinyana qarşı layihə - "hakimiyyət dəyişməsi müharibəyə səbəb olmayacaq"...


Tural İsmayılov: “Ermənistanda hansı qüvvə hakimiyyətə gəlsə belə, müharibə ssenarisi rasionallığını itirir”

“2026-cı il seçkilərindən əvvəl Paşinyanın sülh və ya müharibə ilə bağlı yalanını necə dağıda bilərik? Bunun bir yolu seçkilərlə bağlı öz mesajımızı formalaşdırmaqdır”. Alternativ Layihələr qrupunun üzvü Vahe Ovannisyan bu barədə məqaləsində yazıb.

O, xüsusilə qeyd edib ki, bu gün bizdə sülh yox, müharibəsiz vəziyyət var: “Və 2026-cı il seçkilərinin ən vacib mesajı müharibəsiz vəziyyətdə dövlətin idarə olunmasının davam etdirilməsidir”.

O bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi halında müharibə ehtimalı sıfırdır.

Maraqlıdır, Nikol Paşinyan gələn il parlament seçkisində məğlub olsa, müharibə olacaqmı?

“Ermənistanın daxili siyasi dəyişikliklərinin Azərbaycanla münasibətlərə hərbi müstəvidə təsir göstərməsi üçün iki əsas faktor lazımdır”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Paşinyanın məğlubiyyəti avtomatik olaraq müharibə demək deyil. Ermənistanın daxili siyasi dəyişikliklərinin Azərbaycanla münasibətlərə hərbi müstəvidə təsir göstərməsi üçün iki əsas faktor lazımdır: “Regional güc balansının dəyişməsi və hakimiyyətə gələcək qüvvənin real hərbi-strateji planı. Hazırda bu iki amilin heç biri görünmür. Ermənistanda hansı qüvvə hakimiyyətə gəlsə belə, hərbi resursların bərpa olunmadığı, iqtisadiyyatın ağır yük altında qaldığı və təhlükəsizlik müttəfiqlərinin qeyri-sabit mövqelərdə olduğu şəraitdə müharibə ssenarisi rasionallığını itirir. Bu mühitdə radikal ritorika mümkündür, amma real əməli addım ehtimalı çox aşağıdır. Digər tərəfdən, Azərbaycan üçün də müharibə prioritet deyil. Bakı artıq öz əsas strateji məqsədlərini reallığa çevirib və indi regional nəqliyyat, kommunikasiya və təhlükəsizlik arxitekturasının formalaşmasına fokuslanıb. Yəni genişmiqyaslı hərbi əməliyyat Bakının gündəmində görünmür. Ən mühüm detal budur ki, Ermənistanın yeni hakimiyyəti kim olur-olsun, reallıq dəyişmir: sərhədlərin delimitasiyası, kommunikasiyanın açılması və siyasi normallaşma prosesi artıq fərdi siyasi iradədən çox, regional strukturun diqtə etdiyi məcburi xəttə çevrilib”.

Günel CƏLİLOVA

Chosen
354
50
baki-xeber.com

10Sources