EN

Şagirdlər “ETSN-də bir gün” layihəsi çərçivəsində Nazirliyin qonağı olublar

Uşaqlarda ətraf mühitin qorunmasına marağın artırılması, ekoloji biliklərin genişləndirilməsi və təbiətə qarşı məsuliyyətli yanaşmanın formalaşdırılması məqsədilə 254 saylı tam orta məktəbin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən “ETSN-də bir gün” layihəsində iştirak ediblər.

Ekologiya.az bildirir ki, tədbir çərçivəsində şagirdlər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüşüblər. Onlara ətraf mühitin mühafizəsi ilə bağlı mövcud qanunvericilik, ekoloji hüquqların təmin edilməsi, tətbiq mexanizmləri və vətəndaş məsuliyyətinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra məktəblilər Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayevanın təqdimatında ekosistemlərin rolu, biomüxtəlifliyin qorunması üzrə qlobal çağırışlar, həmçinin təbiətə məsuliyyətli yanaşmanın vacibliyi barədə məlumatlanıblar. Şagirdlərin sualları cavablandırılıb, onların ekoloji yönümlü ideya və təklifləri müzakirə edilib.
Tədbirin davamında uşaqlara 168 Çağrı Mərkəzinin fəaliyyəti, müraciətlərin qəbulu və operativ cavablandırılması mexanizmləri barədə məlumat verilib. Onlar mərkəzin iş prosesini yerində izləyərək praktiki təsəvvür əldə ediblər.
“ETSN-də bir gün” layihəsi şagirdlərin ekoloji sahəyə marağının artırılmasına, ekoloji savadlılığın yüksəldilməsinə və gələcək nəsildə təbiətə məsuliyyətli münasibətin formalaşmasına töhfə vermək məqsədi daşıyır.
Chosen
36
ekologiya.az

1Sources