BAKI, 18 noyabr. TELEQRAF
Böyük Britaniyanın Kembricşir şəhərində 3000 ildən çox torpağın altında qalmış Tunc və Dəmir dövrlərinə aid üç nadir qayıq ilk dəfə ictimaiyyətə təqdim edilib.
Teleqraf xəbər verir ki, onlar 13 il əvvəl Mast Farm arxeoloji ərazisində qurumuş qədim çay yatağında tapılıb.
Bu, Böyük Britaniyada aşkar edilmiş ən böyük qədim qayıq tapıntısı sayılır.
Qayıqlar yaxşı qorunub. Arxeoloqlar onların hansı ağac növlərindən hazırlandığını, ağacın necə kəsilib emal edildiyi və hansı alətlərin istifadə olunduğunu müəyyənləşdirə biliblər.

Sərgidə nümayiş olunanlardan biri 6,3 metr uzunluğunda, içində yanıq izləri olan palıd ağacından yonulmuş qayıqdır. Digərləri isə daha kiçikdir, bunlar çöl ağcaqayınından hazırlanmış qayıqların qalıqlarıdır. Arxeoloqların sözlərinə görə, minilliklər ərzində ərazi getdikcə bataqlığa çevrilib və həmin qayıqlar əsas nəqliyyat vasitəsi olub. Ehtimala görə, bəzi qayıqlar çatlamamaları üçün suyun içində saxlanılıb.
Flaq Fen arxeoloji parkının rəhbəri Jaklin Munin bildirib ki, bu tapıntı minillər əvvəl yaşayan və səyahət edən insanlara dair yeni məlumatları ehtiva edir.