EN

Qərbi Azərbaycan İcması qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirib  

Noyabrın 17-də Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin növbəti iclası keçirilib.

İcmadan AZƏRTAC-a bildirilib ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində səsləndirdiyi fikirlərin İcmanın fəaliyyətinə yeni məsuliyyət yükü əlavə etdiyini vurğulayıb. O, son illər ərzində İcma tərəfindən ölkənin şəhər, rayon və kəndlərində Qərbi Azərbaycan mövzusunda genişmiqyaslı tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək fəaliyyətin prioritet istiqamətləri üzərində dayanıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında dövlətimizin başçısının son bəyanatlarından sonra İcmanın fəaliyyətində yeni mərhələnin başlandığını, qarşıdakı dövr üçün strateji hədəflərin müəyyənləşdirildiyini qeyd edib.

Dərələyəz mahalının Keşişkənd rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq məsələlər üzrə prorektoru Mahirə Hüseynova Qərbi Azərbaycana qayıdış prosesinin beynəlxalq hüquq normaları əsasında hüquqi, təşkilati və ideoloji baxımdan hazırlığının əhəmiyyətini vurğulayıb. O, ali təhsil müəssisələrində mövzuya dair konfransların təşkilinin faydalı olacağını qeyd edib, “Qərbi Azərbaycan TV”nin kanal televiziyasına keçirilməsini, həmçinin Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların xarici dillərə tərcümə olunaraq ölkə xaricində geniş təbliğini təklif edib.

QAİ-nin Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov Qayıdış Konsepsiyasının beynəlxalq hüquqa və tarixi ədalətə söykəndiyini bildirərək, hüquqşünaslarla tarixçilərin əməkdaşlığının gücləndirilməsinin zəruriliyini qeyd edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Qərbi Azərbaycanda anadan olmuş və ölkənin inkişafında xüsusi xidmətləri olan ziyalılar barədə kitabların nəşrini, eləcə də Qərbi Azərbaycan muzeyinin yaradılmasını təklif edib, təbliğat işlərinin gücləndirilməsinin vacibliyi barədə danışıb.

Qərbi Azərbaycan tarixinin son illərdə daha dərindən araşdırıldığını bildirən Əməkdar jurnalist Həsən Həsənov ermənilər tərəfindən tarixi izlərin silinməsinin Qərbi Azərbaycanın türk torpağı olması həqiqətini dəyişmədiyini qeyd edib və deportasiya olunmuş Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına hüquqi və mənəvi haqqı olduğunu vurğulayıb.

AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov bu torpaqların tarixinin elmi əsaslarla daha da geniş araşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Kamran Bayramov qayıdış hüququnun təmin edilməsini dövlətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirərək, beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin gücləndirilməsinin, diplomatik nümayəndəliklərlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti üzərində dayanıb.

Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd edərək, sosial şəbəkələrdə mövzunun daha fəal təbliğinin əhəmiyyətinə toxunub.

AMEA Tarix İnstitutunun elmi əməkdaşı Nazim Mustafa Qərbi Azərbaycan Ensiklopediyasının hazırlanması işinə daha geniş miqyasda mütəxəssislərin cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri İbrahim Bayramov tarixi Qələbədən sonra dövlət qarşısında duran əsas vəzifələrdən birinin Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına dönüşünün təmin edilməsi olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iştirakı ilə regionun tarixi, mədəniyyəti, ədəbiyyatı və görkəmli şəxsiyyətləri barədə kitabların nəşrinin çoxaldılmasının vacibliyini vurğulayıb.

İclasın sonunda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyənləşdirilib və müvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul olunub.

10Sources