BAKI, 18 noyabr. TELEQRAF
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə haqsız rəqabət halları ilə bağlı 6 təsərrüfat subyekti ilə bağlı şikayət daxil olub.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bunlardan biri də “Baku Electronics”dir.
İşə baxılmanın yekununda bəlli olub ki, “Baku Electronics” tərəfindən “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilməklə onların Yaponiyada istehsal olunduğu təəssüratının yaradıldığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə edildiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunub.
Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.