EN

Yunanıstan və Ukrayna Türkiyəyə qarşı gizli saziş imzaladı

Yunanıstan və Ukrayna bazar günü birgə gizli saziş imzalayıb.

"Cebheinfo.az" Yunanıstanın “Kathimerini” qəzetinə istinadən xəbər verir ki, Rusiya donanmasına ciddi itkilər verdirən Ukrayna istehsalı dəniz dronları artıq Yunanıstanın gəmiqayırma zavodlarında istehsal olunacaq və Yunan ordusunun inventarına daxil ediləcək. 

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis və Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü Afinada görüşüblər.

Görüşün gündəmində enerji anlaşması olsa da, Yunanıstan ABŞ-dən aldığı qazı Ukraynaya satmağı planlaşdırırdı, sonradan Yunan mediasında əks-səda doğuran başqa bir gizli razılaşmanın da əldə edildiyi ortaya çıxıb.

Məlumata görə, Rusiyanın “Moskva” adlı flaqman gəmisini batıran və donanmanı iflic edən dəniz dronları indi Yunanıstanda istehsal ediləcək və Yunan ordusuna veriləcək.

Daha da önəmlisi, bu dəniz dronları birbaşa Türkiyəyə qarşı istehsal ediləcəyi bildirilir. Eyni zamanda, yaxın aylarda insansız sualtı aparatların da istehsalına başlanması gözlənilir.

Anlaşma çərçivəsində Yunan gəmiqayırma zavodlarında dəniz dronları üçün istehsal xətti qurulacaq və bu xətt həm Ukrayna ordusuna, həm də Yunan silahlı qüvvələrinə xidmət edəcək.

Bu plan çərçivəsində Skaramanga gəmiqayırma zavodu ön plana çıxır. Yunan şirkətləri elektron və optik sistemlər, sensorlar və lazım gəldikdə partlayıcı yük də təmin edəcək.

İstehsal ediləcək bu dronlar Ukrayna cəbhəsində sınaqdan keçirilmiş modellərin təkmilləşdirilmiş versiyası olacaq. Əgər əməkdaşlıq uğurla davam edərsə, insansız sualtı aparatların da birgə istehsalı hədəflənir.

Atina bu tərəfdaşlığın üç əsas üstünlüyünü vurğulayır: texnologiya döyüş şəraitində sınaqdan çıxıb, effektivliyi sübut olunub və Qara dənizdə Rusiya donanmasının geri çəkilməsində mühüm rol oynayıb.

Yunan mediasına görə, gizli saxlanılan bir tarixdə Yunan mütəxəssislərdən ibarət heyət Ukraynaya gedərək anlaşmanın texniki detalları üzərində işləyəcək.

İki liderin yaydığı ortaq bəyanatda dəniz təhlükəsizliyinin gücləndirilməsi və insansız dəniz sistemlərinin inkişafı kimi başlıqlar yer alıb.

Yunan mediası prosesin gizli aparılmasının səbəbini Rusiyayla müharibə şəraitinin yaratdığı təhlükəsizlik həssaslığı ilə izah edir.

Chosen
192
48
cebheinfo.az

10Sources