Paris, 18 noyabr, AZƏRTAC
Fransada enerji “kövrəkliyi”, yəni evini kifayət qədər qızdıra bilməmək və enerji xərclərinin ailə büdcəsində həddindən artıq yer tutması getdikcə daha ciddi sosial problemə çevrilir. Enerji “kövrəkliyi” üzrə Milli Müşahidə Şurasının 2023-cü il üçün açıqladığı son rəqəmlərə görə, ötən il ölkədə 3 milyondan çox ailə, yəni əhalinin 10,1%-i, rəsmi olaraq enerji qıtlığı vəziyyətində yaşayıb.
AZƏRTAC xəbər verir ki, bu göstərici Fransada enerji qiymətlərinin artması, gəlirlərin isə artmaması və yaşayış fondunun böyük bir hissəsinin enerji baxımından yetərsiz olmasının təsirini açıq şəkildə ortaya qoyur.
Müşahidə Şurasının məlumatına görə, enerji “kövrəkliyi” kateqoriyasında olanlar ölkənin ən aşağı gəlirli 30%-lik seqmentinə daxil olub illik gəlirlərinin 8%-dən çoxunu evlərinin enerji xərclərinə sərf edən ailələrdir. Bu, minlərlə insanın evlərini lazımi qədər qızdıra bilmədiklərini, qış aylarında sağlamlıq problemləri ilə üzləşdiklərini və sosial təcrid riskinin artdığını göstərir. Enerji xərclərinin yüksəlməsi ilə yanaşı, evində soyuqdan əziyyət çəkdiyini bildirənlərin də sayı kəskin şəkildə artıb.
Milli Enerji Mediatorunun 2025-ci ildə 2 000 nəfər arasında apardığı sorğuya görə, soyuqdan şikayət edənlər 2024-cü ildə 30% idisə, 2025-ci ildə bu rəqəm 35%-ə çatıb. Son 12 ayda qaz və ya elektrik fakturasını ödəməkdə çətinlik çəkənlərin payı isə 28%-dən 36%-ə yüksəlib. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Bu artım fransız ailələrinin gündəlik həyatında istilik, rahatlıq və təhlükəsizlik kimi fundamental ehtiyacların belə risk altında olduğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, bir il ərzində belə sürətli artım çox ciddi siqnaldır və vəziyyət narahatedicidir.
Enerji “kövrəkliyi”nə qarşı mübarizədə iştirak edən və sosial inklüzivlik, enerji yeniləməsi və iqlim siyasəti sahəsində çalışan təxminən 20 təşkilat bildirir ki, miqyasının geniş olmasına baxmayaraq, problem hökumətin gündəmində prioritet təşkil etmir. Bu təşkilatlar qeyd edirlər ki, hər on fransızdan biri enerji xərcləri ilə mübarizə aparsa da, Sebastyən Lökornü hökumətinin proqramında enerji “kövrəkliyi” ilə mübarizəyə kifayət qədər yer verilmir.
Fransada enerji “kövrəkliyi” həm sosial ədalət, həm də ictimai sağlamlıq baxımından təcili həllini tələb edən böhrana çevrilir. Artan enerji xərcləri, inflyasiya və gəlir bərabərsizliyi fonunda milyonlarla ailə soyuq qış aylarına qeyri-sabit vəziyyətdə daxil olur. Əgər dövlət bu tendensiyanın qarşısını almaq üçün ciddi addımlar atmasa, enerji qıtlığının miqyası yaxın illərdə daha da genişlənə bilər.