EN

Murad Ağabəyli: "Lahıc və Basqalda tarixi küçələrdə bərpa işləri aparılır"

Lahıc və Basqalda tarixi küçələrdə geniş bərpa işləri aparılır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-in Basqala ezam olunmuş müxbirinə Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

Onun sözlərinə görə, həm Lahıc, həm də Basqal turistlərin ən çox üz tutduğu ərazilərdir və bərpa prosesi bu məkanların tarixi simasının qorunmasına yönəlib: "Lahıcda hazırda tarixi küçələrdə, müəyyən döşəmələrdə və divarlarda işlər aparılır. Eyni işlər Basqal qəsəbəsində də həyata keçirilir. Məqsəd həm orijinal memarlıq üslubunu qorumaq, həm də turistlərin rahat hərəkətini təmin etməkdir".

M. Ağabəyli bildirib ki, aparılan bərpa işləri tarixi abidələrin və küçə memarlığının ilkin görünüşünün saxlanılmasına xidmət edir.

"Bu çərçivədə daş döşəmələr yenilənir, tarixi divarlar restavrasiya olunur, işıqlandırma və digər infrastruktur elementləri təkmilləşdirilir. Bu gün Lahıc və Basqal həm sənətkarlığın mərkəzləri, həm də Azərbaycanın ən çox ziyarət olunan tarixi qoruqlarındandır. Bərpa olunan küçələr turistlərin bu qoruqları daha rahat və zövqlə gəzməsinə imkan verəcək", – M.Ağabəyli əlavə edib.

Onun sözlərinə görə, bərpa işləri mərhələli şəkildə davam etdirilir və hər iki qoruq ərazisinin tarixi-memarlıq bütövlüyünün qorunması prioritet olaraq saxlanılır.

 

Chosen
15
1
operativmm.az

2Sources