EN

Rubionun müavini Bakıda - “907-ci düşəliş”in ləğvi niyə uzanır?

Milli Məclisin komitə sədri Səməd Seyidovun rəhbərliyi ilə bir qrup diplomat Vaşinqtona gedib;  ABŞ-Azərbaycan strateji tərəfdaşlığının qarşısında ciddi maneə...

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin Bakıya səfəri Zəngəzur dəhlizi ilə bağlı olsa da, Azərbaycan  “907-ci düzəliş”in ləğvini də gündəmə gətirə bilər, çünki bu,  iki ölkə  münasibətlərinin inkişafına ciddi şəkildə mane olaraq qalır. Son olaraq ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” nəşri Konqresi “907-ci düzəliş”i ləğv etməyə və TRIPP layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb.  

Bəllidir ki, bu düzəliş Ermənistanla Azərbaycan arasında münaqişə dövründə erməni diasporunun təsiri altında qəbul edilib. Düzəlişin birdəfəlik ləğvi haqda çox danışılsa da, bu günədək Azərbaycana birbaşa yardım göstərilməsini məhdudlaşdıran düzəliş yalnız “illik” dondurulur, halbuki birfəfəlik ləğvi zəruridir. ABŞ-nin özündə də bu qanunun Amerikanın milli maraqlarına yük olduğu, xüsusilə də ölkənin Cənubi Qafqazda və Yaxın Şərqdə daha fəal rol oynamaq istədiyi indiki mərhələdə bu maddənin maneə yaratdığı barədə fikirlər getdikcə daha çox səslənir. Ekspertlərə görə, “907-ci düşəliş”in ləğvi proseduru olduqca mürəkkəbdir. Yəni hüquqi baxımdan bu, çox çətin prosedurdur və heç kim bununla məşğul olmaq istəmir. Elə buna görə də “907-ci düzəliş” hələ də ləğv edilməyib və qanun kimi qüvvədə qalır.

Bu problemin necə həll olunacağını söyləmək çətindir.

Deputat

Səməd Seyidov

Milli Məclisin Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə diplomatlardan ibarət nümayəndə heyəti iki gün öncə Vaşinqtona səfər edib. Səfər çərçivəsində Ağ Evdə, Dövlət Departamentində, Konqresdə ABŞ-nin rəsmi şəxsləri il, konqresmenlərlə görüşlər keçirilib. Siyasi analitiklərin fikrincə, nümayəndə heyətinin keçirdiyi görüşlərdə “907-ci düzəliş”in ləğvi məsələsinin də müzakirə edildiyi istisna deyil. Avqustun 8-dən sonra Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələ başlayıb. Həmin gün imzalanan sənədlərin içərisində olan üç əsas istiqamətdən biri ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafı, o cümlədən strateji tərəfdaşlıq sənədinin imzalanmasıdır. İki ölkə arasında strateji tərəfdaşlıq qurulursa "907-ci düzəliş" kimi münasibətlərə xələl gətirən sənəd tamamilə ləğv edilməlidir. Nümayəndə heyətinin görüşlərində məsələnin bu şəkildə qoyulması tamamilə əsaslı olardı. 

Elxan

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, 1992-ci ildə “907-ci düzəliş” qəbul ediləndə bu, Azərbaycana qarşı ədalətsizlik idi: “Çünki işğalla biz üzləşmişdik. Amma ABŞ Konqresi erməni lobbisinin dəstəyi ilə işğalçını dəstəkləyən bir düzəliş qəbul etdi. Məsələnin mahiyyətinə varmadan Azərbaycan əleyhinə sənəd qəbul olundu. 2001-ci ildə ABŞ-yə qarşı məlum böyük terror hadisəsindən sonra ABŞ prezidenti bu düzəlişi dondurdu. Çünki bir sıra dövlətlərlə yanaşı, Azərbaycanın terrora qarşı mübarizədə dəstəyinə ehtiyac var idi. Amma elə ki, Əfqanıstan əməliyyatı bitdi, ABŞ-nin keçmiş prezidenti Co Bayden "907-ci düzəliş"i yenidən qüvvəyə mindirdi. Bu da ikinci bir ədalətsizlik yanaşmaydı. İndi prezident Donald Tramp bu il həmin sənədi dondurub. Lakin dondurmaq azdır, məsələnin birdəfəlik həllinə ehtiyac var. Əgər ABŞ Azərbaycanla strateji tərəfdaşlıq münasibəti qurursa, Tramp yolu reallaşacaqsa “907-ci düzəliş”in ləğv olunmaması məntiqsiz olar. Hesab edirəm ki, erməni lobbisi və konqresmenlər "907-ci düzəliş"dən asanlıqla imtina etməyəcəklər. Ancaq 2028-ci ildə Zəngəzur dəhlizi-Tramp yolu işə düşəndən sonra bu düzəlişin mövcud olması tamamilə məntiqsiz olacaq. Artıq bu halda məsələnin köklü həllinə daha böyük ehtiyac yaranacaq. Dövlət katibinin müavini Alison Hukerin də Bakıda diqqətinə bu məsələ şübhəsiz çatdırılacaq. Trampa hazırlanan hesabatlarda da bu məsələ vurğulanacaq. Amma sözügedən düzəlişin ləğvini Konqres həyata keçirməlidir. Düşünürəm ki, 2028-ci ildə dəhliz işə düşəndən sonra biz bu məsələnin də birdəfəlik həllinə nail ola bilərik".  

Aqil

Aqil Məmmədov

Siyasi ekspert Aqil Məmmədov bildirdi ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin regiona səfərinin başlıca məqsədinin Zəngəzur dəhlizi və yaxud TRUMP yolunun və regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirəsi olduğu qeyd edilir. Ancaq  bu tip  səfərlər təkcə texniki məsələlərin deyil, eyni zamanda ikitərəfli münasibətlərdə aktual olan və münasibətlərin irəliləməsinə mane olan məsələlərin də müzakirəsi baxımından vacibdir: “Ona görə istisna etmək olmaz ki, Bakıda rəsmi təmaslar zamanı "907-ci düzəliş"in tamamilə ləğvi məsələsi gündəmə gəlsin. Ümumiyyətlə, 2025-ci il Bakı-Vaşinqton xəttində yeni bahar dönəminin başlaması ilə xarakterizə edilir və hər keçən gün münasibətlə istiləşir. Ona görə bu münasibətləri sərinləşdirə biləcək məsələlərin həlli vacibdir ki, onlardan biri və birincisi “907-ci düzəliş”in tamamilə ləğv edilməsidir. Ağ Evdə və Vaşinqtonun xarici siyasətinə cavabdeh ofislərində alayırlar ki,  artıq  bu düzəliş real vəziyyəti əks etdirmir və Azərbaycanla əməkdaşlığın dərinləşməsinə süni şəkildə maneə yarada bilər. 

Vaşinqtonda Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və Bakı ilə İrəvan arasında bir başa dialoq kanallarının qurulması ilə “907-ci düzəliş”in qəbulu üçün icad edilmiş bəhanələri tamamilə aradan qaldırıb. Yeni reallıqdan faydalanaraq  ABŞ də Cənubi Qafqazda sabitlik və kommunikasiya layihələrində iştirak etmək istəyini nümayiş etdirir. ABŞ-nin bu istəyi Bakı və İrəvan tərəfindən xoş qarşılanır, ancaq xoş niyyət yalnız birtərəfli olmaz, gərək qarşı tərəfə bu xoş niyyətə cavab olaraq gözləntiləri doğrultsun. Bunun üçün də “907-ci düzəliş”in tamamilə ləğv edilməsi vacibdir".

A.Məmmədov qeyd etdi ki, praktik olaraq Azərbaycanın müstəqillik illərində sürətli inkişafına, iqtisadi cəhətdən dayanıqlı olmasına bu düzəliş heç bir maneə olmayıb: “Sadəcə, ATƏT-in Minsk Qrupu kimi, bu düzəliş də keçmişdən qalan, əhəmiyyətini itirmiş bu qərardır və "907-ci düzəliş" yeni mərhələdə etibarlı əməkdaşlığın formalaşdırılması üçün Minsk Qrupu kimi tarixin zibilliyinə göndərilməlidir".

Ekspert onu da dedi ki, məsələnin prosedur qaydaları elədə çətin deyil, sənəd hazırlanıb Konqresin hər iki palatasından keçirilib, prezident tərəfindən təsdiq edilməlidir: “Ancaq buna mane olan məsələ Konqresdə Respublikaçılarla Demokratlar arasında mövcud fikir ayrılıqlarıdır. Bu fikir ayrılığı konkret Azərbaycana münasibət və region siyasəti ilə bağlı deyil. Bu fikir ayrılığı iki partiyanın ara seçimləri arasında səs uğrunda mübarizəsindən qaynaqlanır. Konqresdə təmsil edilən partiyalar real siyasi iradə göstərdiyi anda qərar prosedur olaraq qısa müddətdə  icra edilə bilər. Konqres regionda hansı siyasi xətti seçəcəyini müəyyən etməlidir. Köhnə stereotipləri qorumaq, yoxsa yeni reallığı qəbul edərək tərəfdaşlığın daha rasional əsaslara keçməsinə kömək etmək? Bu mövzu yaxın gələcəkdə Bakı-Vaşinqton xəttində mühüm maddələrdən biri olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
41
musavat.com

1Sources