EN

Vüsal Xəlilov: HÖP ödənişlərinin mərhələli şəkildə Ani Ödənişlər Sisteminə keçirilməsi üzərində işləyirik

Bakı, 19 noyabr, AZƏRTAC

Son illərdə ölkəmizdə rəqəmsal ödənişlərin genişlənməsi, maliyyə xidmətlərinin daha səmərəli, çevik və əlçatan olmasına şərait yaradılıb. 2025-ci ilin ilk 10 ayı ərzində nağdsız əməliyyatların xüsusi çəkisinin 67 faizə yüksəlməsi, ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması sektorun rəqəmsal transformasiyasının real nəticələrini əks etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov IX Beynəlxalq Bank Forumunda deyib.

V.Xəlilov bildirib ki, Ani Ödənişlər Sistemi (AÖS) üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir. Hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir: “Biz son aylarda diqqəti yalnız C2C ödənişlərinin AÖS-ə keçidinə deyil, eyni zamanda, B2B ödənişlərinin AÖS-ə keçidinə və C2B ödənişlərinin “AZ-QR” vasitəsilə genişlənməsinə yönəltmişik. Əlavə olaraq, biz HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik. Sektorla birgə atılan addımlar nəticəsində həm ani ödənişlərin həcmi, həm də xidmətlərin əhatə dairəsi əhəmiyyətli şəkildə artıb. Son 6 ayda AÖS əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1.8 milyona çatıb. “AZ-QR” kodu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artır. Bankların 70 faizi C2C köçürmələrini AÖS ilə inteqrasiya edib. Qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmaqda davam edirlər. İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata çatıb”.

Chosen
56
2
azertag.az

3Sources